23 iyul 2025 11:51
122

BDYPİ yükdaşıma fəaliyyəti göstərən sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yükdaşıma fəaliyyəti göstərən sürücülərə müraciət edib.

“İki sahil” xəbər verir ki, idarədən verilən məlumata görə, son günlər yük avtomobillərinin iştirakı ilə baş verən aşma, toqquşma, maneəvurma hadisələrinə tez-tez rast gəlinir. Ağır fəsadlarla müşayiət olunan bu növ qəzalar əsasən avtomobilin istirahət rejiminə əməl edilmədən yorğun, yuxusuz, eləcə də, nasaz halda idarə olunması, yükün düzgün qablaşdırılmaması, sürət həddinin aşılması, kəskin manevretmə, hərəkət zamanı diqqəti yayındıran hərəkətlərə aludəçilik kimi məsuliyyətsiz davranışlardan qaynaqlanır.

BDYPİ hazırda mövsüm üçün xarakterik olan isti hava şəraitinin yol hərəkəti zamanı əlavə çətinliklər yaratdığını da nəzərə alaraq, bir daha sürücülərə, yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onları əvvəllər yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxarmağa, yuxarıda sadalanan və hər biri insan həyatı üçün təhlükə yaradan qayda pozuntularından çəkinməyə çağırır.

“Unutmayaq ki, sükan arxasında məsuliyyətsizlik təkcə sürücünün özü üçün yox, həm də onun doğmaları və bütünlükdə cəmiyyət üçün ağır nəticələr yarada bilər!”, - deyə müraciətdə vurğulanıb.