23 iyul 2025 21:12
143

Dəmiryol mühafizə zonasındakı qanunsuz tikililər: İnsan həyatına risk, qatarların hərəkətinə təhlükə…

Qanunsuz tikililər insan həyatına risk yaratmaqla yanaşı dəmiryol xətlərinə mütəmadi göstərilən texniki xidməti də çətinləşdirir

Abşeron dairəvi dəmir yolu xəttində, o cümlədən Nərimanov-Böyükşor və Keşlə sahələrində mühafizə zolağını nəzərə almadan tikilən evlər ciddi təhlükə törədir. Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərinə görə, bu ərazidə inşa edilmiş qanunsuz tikililər dövlət layihələrinin həyata keçirilməsinə də müəyyən əngəllər yaradır. Hətta qanunsuz tikililər “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda Abşeron dairəvi marşrutu üzrə bir sıra dəmiryol xətlərinin yenidən qurulmasına, təkmilləşdirilməsinə imkan vermir. Halbuki, Bakı şəhərində və ətraf ərazilərdə sürətli urbanizasiya və əhali artımı nəqliyyat və mobillik sahəsində islahatları zəruri edir.  Ərazidə 161 qeyri qanuni tikilmiş ev var. Ümumilikdə 156 ailə (543 nəfər) yaşayır. Araşdırma göstərir ki, yaşayan şəxslər Azərbaycanın 40 şəhər və rayonunu təmsil edirlər. Onlardan yalnız 12-si keçmiş məcburi köçkün ailəsidir. Bunlardan 54 ailənin başqa ünvanda evi var. 11 nəfər isə oradakı evini kirayəyə verib. Bu evlər sənədsizdir, qeyri-qanuni tikilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli Qərarı ilə dəmir yolunun mühafizə zonasının eni sahələrdə 24 metr, stansiyalarda isə ən azı 50 metr təşkil edir. Bu məsafələr daxilində, yəni təhkim zolağının hüdüdlarında hər hansı əsaslı tikinti işlərinin aparılmasına icazə verilmir. Lakin bu zonaların zəbt edilməsi, burada tikinti işlərinin aparılması yol hərəkəti təhlükəsizliyi tələblərinin pozulması ilə nəticələnir, qatarların təhlükəsiz və fasiləsiz hərəkətinə maneə yaranır. Üstəlik, qeyd olunan tikililər səbəbindən fövqəladə hallar zamanı relslərə giriş də məhdudlaşır. Bir sözlə, qanunsuz tikililər dəmiryol xətlərinə mütəmadi göstərilən texniki xidmət və təmir işlərini çətinləşdirir.

Digər tərəfdən, qeyd edilən sıx məskunlaşma sakinlərin həyatını riskə atır, bu ərazilərdə qatarların qarşısına qəfil insan və heyvan çıxma halları intensivləşir, bu da bəzən faciə ilə nəticələnir. B. Haçıyevin sözlərinə görə, hazırda Nərimanov–Böyük Şor və Bakı sərnişin–Keşlə sahələrində dəmir yollarının mühafizə zolağı və dəmiryol xətləri arasındakı sıx məskunlaşma ərazisində qeyd edilən problemlər özünü daha qabarıq göstərir. Həmin xətlərdə və ümumiyyətlə, Abşeron dairəvi marşrutu üzrə son 9 ildə qatarın qarşısına qəfil insan çıxması nəticəsində 48 toqquşma hadisəsi olub, 14 nəfər ölüb, 31 nəfər isə ciddi bədən xəsarəti alıb. Eyni zamanda, təkcə son 3 ildə qatarların qarşısına qəfil insan çıxmasına görə insanların təhlükə yaşaması və qatarların təcili tormozlanması səbəbindən qatarların 67 dəfə qrafikdən çıxması qeydə alınıb.

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda Abşeron dairəvi marşrutu üzrə bir sıra dəmiryol xətlərin yenidən qurulması, təkmilləşdirilməsi nəzərdə tutulur.  Bakı və ətraf ərazilərdə dəmiryol nəqliyyatının əlçatanlığının artırılması məqsədilə Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar, Qaradağ–Güzdək, Yeni Suraxanı–Hövsan və Güzdək−Qaradağ dəmiryol xətlərinin bərpası, eyni zamanda, bu xətlər boyunca yeni dayanacaqların istismara verilməsi nəzərdə tutulur. Məqsəd Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir.

Qanunsuz tikililər dəmiryol xətlərinə mütəmadi göstərilən texniki xidməti və təmir işlərini çətinləşdirir. Sıx məskunlaşma, həmçinin qatarların aşağı sürətlə hərəkət etməsinə səbəb olur ki, bu da xidmət keyfiyyətinə mənfi təsir edir. Nəzərə almaq lazımdır ki, sutka ərzində bu xətlə orta hesabla 100 qatarla sərnişin daşımaları həyata keçirilir. Ay ərzində daşınan sərnişin sayı təxminən 700-800 min nəfər arası təşkil edir

Göründüyü kimi, Nərimanov–Böyük Şor və Bakı sərnişin–Keşlə xətləri arasındakı ərazidə məskunlaşmış insanlar ciddi təhlükə ilə üz-üzədir. Hər iki tərəfdən dəmiryol xətləri ilə əhatə olunmuş bu əraziyə təcili yardım, yanğınsöndürən maşınların və digər qəza-bərpa işlərini həyata keçirən maşın və mexanizmlərin girməsi qeyri-mümkündür. Bu mənada burada yaşayan insanlar daim ciddi təhlükə altındadırlar. Yeri gəlmişkən, bu xətlərlə sutka ərzində orta hesabla 100 qatarla sərnişin daşımaları həyata keçirilir. Ay ərzində daşınan sərnişin sayı təxminən 700-800 min nəfər təşkil edir.

ADY rəsmisinin sözlərinə görə, qurum qanunsuz tikililərin, müvafiq sənədləri, çıxarışı olmayan yaşayış və qeyri-yaşayış obyektlərinin monitorinqini aparır, qanunsuz tikililərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara məlumat verir.

Qvami Məhəbbətoğlu, “İki sahil”