Azərbaycanda demokratik pedaqoji ideyaların inkişafı mətbuatın yaranması ilə sıx bağlıdır. Mətbuatın yaranması müxtəlif problemlər üzrə pedaqoji ideyaların və məktəb təcrübəsinin inkişaf dinamikasını şərtləndirən amillərdən biridir. Azərbaycanda mətbuatın, o cümlədən, pedaqoji mətbuatın tarixi çox da qədim deyil. Təkcə banisi, redaktoru, müəllifləri deyil, məzmunu, ideya istiqaməti, dili, poliqrafik bazası, oxucuları da nəşr olunduğu torpaqla bağlı olan, onun mənəvi və maddi həyatına əsaslanan, ilk növbədə doğma həmvətənlərə xidmət edən birinci qəzet “Əkinçi”dir ki, Azərbaycan milli mətbuatının tarixi də çox təbii olaraq bu qəzetlə başlanır.
Azərbaycanın görkəmli alimi, təbiətşünas və maarifpərvəri Həsən bəy Məlikov Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə milli mətbuatın əsası qoyulmuşdur. 1875-ci il iyul ayının 22-dən nəşrə başlayıb 1877-ci ildə fəaliyyətini dayandıran “Əkinçi” qəzetinin cəmi 56 sayı çıxmışdır. “Əkinçi” qəzetinin ömrünün az olmasına baxmayaraq Azərbaycan mətbuat tarixində böyük rol oynamışdır. Demokratik ideyalarla dolu olan bu qəzet məktəb, maarif, elm və mədəniyyətin inkişafında çox böyük xidmətlər göstərmişdir. “Əkinçi” qəzetinin bu ideyaları Azərbaycan maarifpərvərlərinin demokratik pedaqoji ideyalarının inkişafına müsbət təsir etmişdir. “Əkinçi” qəzeti az vaxt içərisində qabaqcıl fikirlərin mərkəzinə çevrildi. Xalq maarifi və mədəniyyətinin, ana dili məktəblərinin carçısı oldu”. Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin əsas məqsəd və vəzifələrindən bəhs edərək yazırdı: “Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin. Salisən, qəzet dərviş kimi nağıl deyə bilməz, onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq öz nikbətindən xəbərdar olub onun əlacının dalıncan olsun. Heç rəvadırmı yoxsulluqdan danışarkən onun səbəbi elmsiz qalmağımızdan danışmayaq? Biz müsəlmanlar elmdən vəba naxoşluğundan qorxan kimi qorxuruq. Əgər işlərimiz belə gedərsə biz məğlub olub getdikcə aradan çıxacağıq. Elmsizlik böyük fəlakətdir. Bizim həmvətənlər olan gürcü, erməni xalqları təhsil etsinlər, maarif sahəsində gündən-günə irəli getsinlər, amma bizlər “Allahdan buyruq, ağzımıza quyruq” deyib duraq. Ey müsəlmanların millət təəssübü çəkən kəsləri, bir gözünüzü açıb dünyaya tamaşa edin və fikirləşin: “Tələf olmaqmı istəyirsiniz?”. Tez bir zamanda “Əkinçi” qəzetinin ətrafında Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər bəy Adıgözəlov Gorani, Əlizadə Şirvani Heydəri kimi dövrün mütərəqqi ziyalıları toplandı və qəzeti özləri üçün mübarizə mərkəzinə çevirdilər.
Bildiyimiz kimi, bir tərəfdən çar Rusiyası Azərbaycanda gücləndirilmiş ruslaşdırma siyasəti aparır, digər tərəfdən isə yalançı din xadimləri hər cür fitnə-fəsad yaratmaqla Həsən bəyə maneəçilik törədirdilər. Ana dilində və milli ruhda qəzet nəşrinə icazə almaq üçün böyük pedaqoq Həsən bəy çar hökumətinə bir neçə dəfə xahişlə müraciət etmiş, ancaq idarələrdə, dəftərxanalarda süründürülməkdən başqa bir nəticə əldə edə bilməmişdir. Təsadüfdən zərurət doğar – termininə nəzərən xoşbəxt bir təsadüf nəticəsində Həsən bəy qəzetin nəşrinə icazə almasına müvəffəq ola bilir. Bu əhvalatı sonralar Həsən bəy “Həyat” qəzetində belə xatırlayır: “O vaxt general Staroselski bizim qubernator idi, o özü xalis rus, arvadı isə gürcü qızı idi. Bu qadın yerli Qafqaz əhalisinə hörmət bəsləyir və onlarla dostluq edirdi, mən öz dərdimi ona söylədim; qəzeti “Əkinçi” adlandırmağı və orada guya əkinçilik və kənd təsərrüfatı haqqında məqalələr dərc etməyi bildirməyi bu qadın mənə məsləhət gördü; o özü senzor olmağa razılıq verdi və nəhayət bu ruhda ərizə verib qəzetin nəşri üçün icazə aldım”. Görkəmli tədqiqatçı alim Əziz Mirəhmədov Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin hökumətdən icazəsini nədənsə “yalnız üçillik ağır, gərgin işdən sonra” ala bildiyini qeyd edir. Halbuki, Zərdabi “Dörd ildir ki, qəzeti çap etməyə izin istəmişik və bu zamanda dünyanı gəzib bu hürufatı tapmışıq” deyir.
Qeyd etdik ki, bir tərəfdən isə yalançı mövhumatçı din xadimləri hər cür fitnə-fəsad yaratmaqla Həsən bəyi hədələyir, təhqir edir, maneəçilik törədirdilər. Onu “Qaspar”, “Vartan Həsən”, “Gavır Həsən”, “Şapkalı rus”, “Ruslaşmış Həsən” “sünni Həsən bəy” və s. kimi ürəkbulandıran adlar ünvanlayırdırlar. Halbuki, Zərdabi həm şiə, həm də sünni mövhumatına qarşı kəskin mübarizə aparmışdır. Həsən bəy ona ünvanlanan başdan-ayağadək söyüş və təhqirlə dolu məktubları da öz qəzetində çap etdirmişdir. Belə ki, kapitan rütbəli çar zabiti, Qarabağ mülkədarı, mövhumatçı “Hadiülmüzlim Qarabağlı” təxəllüslü biri məktubunda Həsən bəyi hətta Həsən adını daşımağa layiq görmür. Onun fikrinə görə bu ad dinə etiqad göstərməyən adamların əli ilə faciəli bir şəkildə öldürülmüş imamın adıdır. Bu məktuba cavabən görkəmli publisist belə qeyd yazırdı: “Bizim Zərdab kəndində Qarabağın sərhədinə bir daş qoymaq və həmin satiranı onun üstündə yazdırmaq istəyirəm ki, gələcək nəsil bu abidəyə baxanda bizim xalqı savadlandırılması uğrunda apardığım mübarizədə hansı avamlarla qarşılaşmış olduğumu bilsin”.
Belə təhqir dolu məktuba Həsən bəyin yaxın dostu və silahdaşı, eləcə də “Əkinçi” qəzetinin fəal iştirakçısı olan Seyid Əzim Şirvanı 17 bənddən ibarət bir şeirlə cavab yazmışdır:
Xaçpərəstlər hamısı açdı gözün düşdü qabaq.
Dalda qaldıq tökülüb cəhl ilə biz, ay sarsaq!
Pəs nə vaqti bizə qismət olacaq göz açmaq?
Əqlə gəl, tanrıya bax, bəsdi bu qəflət, Hadi!
Göründüyü kimi, belə nadanlar ucundan Azərbaycan xalqı cəhalətdən və mövhumatdan yaxa qurtara bilmirdi. Çünki xalqın geridə qalmış hissəsi içərisində belə bir fakt hakim idi ki, müsəlmanlara dünyəvi elm lazım deyil. Ata-babalarımız hansı yol ilə gediblərsə, biz də o yol ilə keçməliyik. Bu mənada, Zərdabi yazırdı ki, “Hər bir vilayətin qəzeti gərək ol vilayətin aynası olsun, yəni ol vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə, onların hər bir dərdi və xahişi ol qəzetdə çap olunsun ki, ol qəzetə baxan xalqı aynada görən kimi görsün”.
“Əkinçi” qəzetinin proqramı zəngin idi. Bu zəngin proqram içərisində xalqı nadanlıqdan, maarifsizlikdən, gerilikdən, savadsızlıqdan çıxarıb, geniş mədəniyyət yoluna aparmaq, təhsil, elm sahəsində ona öz hüququnu başa salmaq, savadlı etmək, məktəb açıb onları oxutmaq məsələsi geniş yer tuturdu. Qəzet yazırdı ki, xalqımızın inkişafına mane olan səbəblərdən biri də mövhumatdır. Mədəniyyət inkişaf edir, yeni ixtiralar kəşf edilir, lakin bizim müsəlman aləmi yerində sayır. “Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki, məsəldir deyirlər, zəmanə sənə saz olmasa, sən zəmanəyə saz olgilən. Pəs olmaz ki, dünyada həmişə bir qayda ilə rəftar olsun. Bizim zəmanənin dəyişilməyi, əlbəttə, hər anlıyan kəsə məlumdur və 21 bu tövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, əmanəni dəyişilməkdən saxlayaq. Ol kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər”. Biz öz qüvvəmizlə bu yoxsulluqdan xilas olmalıyıq. Biz bunu etməyə cəhd göstərməliyik, “bizə göydən kömək gəlməyəcək”.
M.F.Axundzadənin “Əkinçi” qəzetində xalq maarifi və məktəb uğrunda mübarizədən bəhs edən bir məqaləsi bu cəhətdən daha çox xarakterikdir. Həmin məqalədə deyilirdi: “Bizim əzizimiz və gözümüzün işığı, Həsən bəy! Sən hər qəzetində biz müsəlman tayfasına elmin fəzilətini və səmaratını zinc edib, bizə hey təklif edirsən elm öyrənin, elm öyrənin! Çox yaxşı… İndi biz hazırıq ki, sənin nəsihətini əmələ gətirək. Bizə de görək, elmi harada öyrənək və kimdən öyrənək, hansı dildə öyrənək?”.
Bu üç məsələ o dövrdə xalq maarifi və ana dilli məktəblərinin təşkili qarşısında duran çox mühüm pedaqoji problemlər idi. “Bu problemlər kütləvi xalq məktəblərinin və müəllim kadrlarının çatışmaması, təlimin ana dilində aparılmaması ilə bağlı idi”.
“Əkinçi” qəzeti gənclərə, cavanlara müraciət edərək yazırdı: “Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim vətən qardaşlarımız ilə üns tutmaq çətindir, siz danışdığınızı onlar başa düşməyib, əf alınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər. Doğrudur, qeyri millətlər sizin kamalınızı görüb sizə artıq rütbə verəcəklər, amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti, qardaşlarınızı atıb, onları kor və sərgərdan qoyasınız. Pəs ləzzəti-dünyaya tamah etməyib öz qardaĢlarınızı əməli-xeyrə vadar edib, qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, əvam-ünnas daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və bişəkk gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq” . Həsən bəy tərbiyəçini bağbana, uşağı isə meyvəyə bənzədib yazırdı: “Əgər insana uşaqlıqda yaxşı tərbiyət verilsə, gəlib qabiliyyət sahibi olur və əgər ona tərbiyət verilməsə və ya bəd tərbiyət verilsə, meşə ağacı turş meyvə gətirən kimi, biqabiliyyət olur. Pəs, insanın qabil olmağına səbəb tərbiyətdir. Ona binaən tərbiyət vacibi əməllərin birisidir”. Qəzet elm ilə tərbiyəni əlaqəli, biri-birini tamamlayan bir vahidin iki hissəsi kimi götürürdü: “Qabiliyyət elm ilədir, elmsiz qalan kəs meşənin susuz qalan ağacı kimi bisəmərə olur. Çünki insan üçün tərbiyət elm ilə olurmuş, belə də çox yaxşı olurdu ki, biz də, qeyr tayfalar kimi, məktəbxanalar bina edib, elm kitablarını öz dilimizə tərcümə edib, uşaqlarımıza elm yolu ilə tərbiyət edək və bundan ötrü ittifaq və himmət gərəkdir”. Qəzetin 1877-ci ildə nəşr olunan 16-cı sayında oxuyuruq:
Elmsiz kimsənə hünərsizdir,
Elmi - bitərbiyət səmərəsizdir.
Tərbiyət mayeyi - səadətdir,
Tərbiyət şəxsə malü dövlətdir,
Elmlə hər o kəs ki, danadır,
Qabili - feyzi - rəbbi - əladır.
Qəzet sonra yazırdı: “Tərbiyə insanın dövlətidir, mayeyi səadətidir, tərbiyə insanı yüksəldir, onu kamil bir adam edir”.
“Əkinçi” qəzetində təlimin ana dilində aparılmasına, ana dilində dərsliklərin yaradılmasına yüksək qiymət verilirdi. Qəzet yazırdı: “Məktəblərdə ana dili çoxdan unudulubdur. Əgər biz millətimizin inkişaf edib irəli getməsini istəyiriksə onlara dil verin. Biz ana dilimizi yaddan çıxartmışıq. Biz türklərin dilini tapın, onu sahibinə qaytarın ki, onlar yaşasınlar və qabağa getsinlər. “Bizə məktəblərdə ana dilində elm öyrədəcəklər, ya yox?”.
Repressiya qurbanı Yusif Vəzir Çəmənzəminli mətbuatlarda ana dili ilə bağlı fikirlərini və ya düşüncələrini səciyyələndirərkən Həsən bəy Zərdabidən bəhs edərək yazır ki, bir gün Həsən bəy Zərdabinin yolu kitab, qəzet, jurnal satılan köşkün önündən düşür. Gözü “Füyuzat” məcmuəsinə sataşır. Əlinə alıb bir neçə vərəqinə baxdıqdan sonra soruşur:
– Bunu kimin üçün yazırsınız?
– Camaat üçün, – demişlər.
Həsən bəy gülümsəyərək demişdir:
– Elə isə camaatın dilində yazın ki, camaat da başa düşsün”.
Həsən bəy Zərdabinin tarixi xidmətlərindən biri də budur ki, o, “Əkinçi” qəzeti ilə Mirzə Fətəli Axundzadədən sonra ana dili təlimi və dünyəvi məktəb ideyasını inkişaf etdirərək yeni yüksəkliyə qaldırdı. H.B. Zərdabi, eyni zamanda, savad təlimi ideyasını geniş yaymış, uşaqların ümumi təhsilini, ana dilində dünyəvi məktəblər yaratmaq ideyasını dövrün tələblərinə müvafiq olaraq elmi dəlillərlə əsaslandırmışdı.
“Əkinçi” qəzeti məktəblərdə uşaqlara fiziki cəzanın verilməsinin əleyhinə çıxırdı. Qəzet yazırdı: "Əkinçi" qəzeti həmişə bizim müəllimlərə və onlara uşaqlarını tapşıranlara töhmət edir ki, onların hər ikisi uşaqlara yağı olub ol qədr incidirlər ki, biçarə bildiyin də yaddan çıxarır. Əlhəqq, bu söz doğrudur, amma bu barədə bizim müəllimlərdə taxsır yoxdur. Müəllim bir sənətkar babadır öz sənətilə qeyr sənətkar kimi dolanır, yəni öz bildiyini uşaqların valideyninə satıb zindəganlıq edir. Və çünki sənətkarın yaxşı-yamam olmağına səbəb camaatdır, məsələn, yaman başmaq tikəndən başmaq alan olmasa, o başmaqçı ya gərək yaxşı başmaq tiksin ya başmaqçılığı bərhəm etsin, habelə müəllimin yaxşı-yaman olmağına bais camaatdır və əgər camaat başa düşə ki, bu tövr təlim uşağı xarab edir və xahiş edə ki, qeyr tövr uşaqlara təlim olunsun, müəllim naəlac qalıb camaat istəyən tövrdə təlim edəcək yoxsa zikr olan başmaqçı kimi gərək müəllimliyi bərhəm etsin. Əlbəttə, şagirdin ata-anası deyəndə ki, molla onu döy, əti sənin, sümüyü mənim, molla naəlac qalıb döyəcək, yoxsa ay başı gələndə ona pul verən olmaz”.
Xalqını məcnunanə bir şəkildə sevən Həsən bəy Zərdabi əkinçilik və kənd təsərrüfatı məsələlərində maarifləndirməklə yanaşı, publisist yazılarında və ya əsərlərində, xüsusən gənc valideynlərə xitabən ünvanlanan əsərlərində tərbiyə, əxlaq, əxlaq tərbiyəsi, habelə ailə, ailədə uşaqların tərbiyəsi haqqında qiymətli fikirlər söyləmişdir. O, belə qiymətli fikirlərdən birində yazırdı: “Həqiqət, bizlərdə oğul atanın quludur. Məlumdur ki, bizlərdə oğul atanın hüzurunda oturmaq, xörək yemək, danıĢmaq və qeyrə eybdir. Ondan masəva oğul atadan izinsiz nə ki bir iş görə bilməz, hətta evlənə də bilməz. Xülasə, ata oğulu, bir şey kimi, məsələn, eşşək kimi özünə təəllüq hesab edib, hər nə öz xahişidir ona əməl elədir və dəxi bunu fikir eləmir ki, gələcəkdə bu adam olub, qəyyumsuz iş görəcək. Belədə uşaq nə ki qeyrlərin, hətta özünün ixtiyar və borclarından bixəbər olduğuna atası kimi özündən gücdülərin qabağında ikiqat oluban, özündən zəifləri adam hesab etməməyə adət edər. Xülasə, nə qədər qabiliyyətli uşaq olsa, bizim adətlər ilə oluna təlimdən insan ola bilməz. Biz övladın yağısı olub, onun axırına çıxıb, insaniyyətlikdən uzaq edirik. Bunu oxuyan belə qiyas etməsin ki, biz deyirik uşaq atanın sözünə baxmayıb, o buyurduğuna əməl eləməsin. Bu halda ki, bizim malımızın və qeyrə düşməni artıb, uşağı dəxi bərk saxlamaq gərək ki, düşmənlərimizin ləzzətli görünən adətlərinə öyrənməsinlər. Pəs, biz deyirik ki, yumruq, sillə ortalıqdan çıxsın, uşaq ilə adamyana rəftar olsun ki, özü yaxşını yamandan dərk edib, bəd əmələ mürtəkib olmasın”. Göründüyü kimi, “dərin məna kəsb edən bu sözlərdə böyük hikmət vardır”.
Azərbaycan ziyalıları H.Zərdabini xalqın mənəvi atası adlandırmışlar. Bu mənada, görkəmli tənqidçi və ictimai xadim Firidun bəy Köçərli Yusif Vəzir Çəmənzəminliyə ünvanladığı bir məktubunda Həsən bəy Zərdabinin əməli fəaliyyətinə böyük önəm verərək yazırdı: “Əkinçi”nin gözəl sözləri və nəfli məlumatı indi də öz əhəmiyyətini itirməmişdir. ...Onlar müəyyən bir sistem halına salınıb Azərbaycan dilində nəşr edilən dövri jurnallarda çap olunarsa, çox faydalı olar”. Bu kimi söz ifadələrə biz də qoşuluruq, çünki həqiqətən də “Əkinçi”nin gözəl sözləri və nəfli məlumatı indi də öz əhəmiyyətini itirməmişdir. “Əkinçi” bir vaizdir, “Əkinçi” bir nəfsi-ləvvamə ki, bizi yamanlıqdan məlamət edir, “Əkinçi” bir aynadır, “Əkinçi” bir təbibdir.
Firidun bəy Köçərlinin bu arzusu gözündə qalmamışdır. “Əkinçi” kitabı ilk dəfə 1979-cu ildə “Azərnəşr” mətbəəsində çap olunmuş, ikinci dəfə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə latın qrafikasında çap olunaraq (“Avrasiya Press”, 2005) və oxucuların ixtiyarına verilmişdir.
Həsən bəy Zərdabinin “Əkinçi” qəzetindəki maarifçi görüş və baxışlarını aşağıdakı kimi nəticələndirmək olar.
Kamal Camalov,
Naxçıvan Müəllimlər İnstitutunun professoru,
pedaqogika elmləri doktoru,
Azərbaycan Respublikasının Əməkdar müəllimi