27 iyul 2025 01:02
127

Azərbaycan komandası "Skopye-2025"i 10 medalla, 17-ci pillədə başa vurub

Şimali Makedoniyanın və Xorvatiyanın birgə ev sahibliyi etdiyi "Skopye-2025" XVIII Avropa Gənclər Olimpiya Festivalına yekun vurulub.

Milli Olimpiya Komitəsindən “İki sahil”ə verilən məlumata görə, Avropanın 50 ölkəsindən 4 mindən çox idmançının iştirak etdiyi "Skopye-2025"də 14-18 yaş arası idmançılar 15 idman növü üzrə mübarizə aparıblar. Festivalda Azərbaycan komandası ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunub.

Azərbaycan idmançıları yarışları 10 (3 qızıl, 3 gümüş, 4 bürünc) medalla başa vurub.

Komandamıza qızıl medalları cüdoçular Gülşən Hüseynova (-44 kiloqram), Rza Xəlilli (-50 kiloqram) və Rəsul Əlizadə (-55 kiloqram) qazandırıblar. Cüdo üzrə Nuranə Hacızadə (-48 kiloqram), Zeyd Ələsgərov (-60 kiloqram) və güllə atıcılığı üzrə Leyli Əliyeva – Oleq Kerjankin dueti (10 metr pnevmatik tapança) gümüş medal əldə ediblər. Bürünc medalları isə cüdoçular Aysun Məmmədova (-52 kiloqram), Məhəmməd Ağakişiyev (-73 kiloqram), Sübhan Axundov (+90 kiloqram) və taekvondoçu Yunis Hüseynov (73 kiloqram) qazanıblar.

Komandamız bu nəticə ilə ümumi medal sıralamasında 17-ci yeri tutub. Qeyd edək ki, 50 (19 qızıl, 19 gümüş, 12 bürünc) medal qazanan İtaliya komandası festivalın qalibi olub. Fransa 15 qızıl, 18 gümüş, 5 bürünc medalla ikinci olub. Üçüncü pillədə isə aktivində 33 (10 qızıl, 11 gümüş, 12 bürünc) medal olan İspaniya komandası tutub. Türkiyə 26 (10 qızıl, 7 gümüş, 9 bürünc) medalla dördüncü, Böyük Britaniya isə 22 (10 qızıl, 7 gümüş, 5 bürünc) medalla beşinci olub. Festivalda 40 ölkənin komandası müxtəlif əyarlı medallar qazanıb. Cəmi 35 ölkə isə festivalda qızıl medal sevinci yaşayıb.