27 iyul 2025 22:47
119

MOK-un vitse-prezidenti “Skopye-2025”də uğurla çıxış edən Azərbaycan idmançılarını təbrik edib

İyulun 20-dən 26-na kimi Şimali Makedoniyanın Skopye, Kumanov və Xorvatiyanın Osiyek şəhərlərində XVIII Avropa Gənclər Olimpiya Festivalı (EYOF) keçirilib.

Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə XVIII Avropa Gənclər Olimpiya Festivalında (EYOF) qazanılan uğurlara görə idmançıları, məşqçiləri və komandanın bütün üzvlərini təbrik edib.

O bildirib ki, Azərbaycan idmanın, Olimpiya Hərəkatının inkişafı və təbliği istiqamətində özünəməxsus dəsti-xətti ilə dünya idmanında yeni bir səhifə açmağı bacarıb: “EYOF-da yarışlarda iştirak edən ölkəmizin gənc idmançıları hər zaman uğurlu nəticələrlə fərqləniblər. Bu gün Vətənə qayıtmağa hazırlaşan Azərbaycan komandası Olimpiya festivalında 3 qızıl, 3 gümüş, 4 bürünc medal qazanıb. Bu nəticə ilə komandamız medal qazan ölkələr arasında 17-ci yeri tutub. Olimpiya festivalında iştirak edən idmançıları, məşqçiləri və komandanın bütün üzvlərini bu yüksək nəticəyə görə təbrik edirəm. İnanıram ki, Azərbaycan idmançıları bundan sonra da beynəlxalq yarışlarda uğurlu nəticələr qazanacaq, dünyanın idman arenalarında bayrağımızı qaldırıb dövlət himnimizin səsləndirilməsinə nail olacaqlar”.

Qeyd edək ki, Azərbaycan idmançıları bu zamana kimi Avropa Gənclər Olimpiya Festivalında 99 medal (35 qızıl, 29 gümüş, 35 bürünc) qazanıb.