Dil bir millətin düşüncə tərzini, tarixi yaddaşını, mədəni irsini və mənəvi dəyərlərini yaşadır. Ana dili təkcə ünsiyyət vasitəsi deyil, milli identikliyin formalaşması və qorunmasında fundamental rola malikdir. Azərbaycan dili bu mənada nəinki xalqımızın tarixi və mədəniyyətini ifadə edən əsas faktordur, həm də dövlət müstəqilliyi və ideoloji bütövlüyün bir təzahürüdür.
XX əsrin ikinci yarısından başlayaraq Sovet İttifaqının ideoloji sistemində milli dillər planlı şəkildə sıxışdırılmış, rus dili hegemon kommunikasiya vasitəsi kimi təlqin edilmişdir. Belə bir ideoloji mühitdə Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi ciddi siyasi iradə və strateji uzaqgörənlik tələb etmişdir. Ulu Öndər Heydər Əliyevin 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsinə nail olması bu sahədə atılmış tarixi əhəmiyyətli dönüş nöqtəsi kimi yadda qalmışdır. Bu faktor milli dilin ideoloji təhlükəsizliyinin təminatı idi.
Müstəqilliyin bərpasından sonra Azərbaycan dili milli dövlətçiliyin əsas atributlarından biri kimi hüquqi müstəviyə keçirilmişdir. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsi ilə Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. Bu müddəa xalqımızın öz tarixi kimliyinə və mədəni irsinə sadiqliyinin təcəssümü idi. Ulu Öndər Heydər Əliyev həm dilin hüquqi statusunun təmin olunması, həm də onun real həyatın bütün sahələrində – təhsil, mədəniyyət, kütləvi informasiya vasitələri və idarəetmədə dominant rolunu təmin etmək üçün məqsədyönlü siyasət həyata keçirmişdir. Ümummilli Liderin 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası təsis olunmuşdur. Bu Komissiya ana dilimizin işlənməsi, təkmilləşdirilməsi və normativ nəzarəti baxımından mühüm rol oynamışdır.
1 avqust tarixi Ulu Öndər Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı tarixi Fərmanla Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edilmişdir. Həmin qərar strateji mahiyyət daşıyır, Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolu, qarşılaşdığı ideoloji təzyiqlər və ana dilinin müasir dövlətçilik modelindəki yeri bu əlamətdar tarix fonunda mühüm önəm kəsb edir. 30 sentyabr 2002-ci il tarixində qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun Azərbaycan dilinin hüquqi statusunu möhkəmləndirmiş, onun qorunması, öyrənilməsi və təbliği ilə bağlı dövlətin məsuliyyətini müəyyən etmişdir. Bu Qanun həm də dünya azərbaycanlılarının ana dilinə bağlılığının gücləndirilməsinə yönəlmişdir.
Ulu Öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev milli dil siyasətini strateji dövlət prioriteti kimi müəyyənləşdirmiş və bu sahədə davamlı hüquqi-normativ baza formalaşdırmışdır. Dövlət başçısının təşəbbüsü ilə Azərbaycan dilinin qorunması, zənginləşdirilməsi və müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi istiqamətində mühüm dövlət sənədləri qəbul olunmuşdur. Bu sənədlər dilin həm ictimai, həm də texnoloji müstəvidə tətbiqini təmin etməklə yanaşı, onun norma və qaydalarının cəmiyyətə düzgün şəkildə çatdırılmasına da şərait yaratmışdır.
2004-cü ilin 12 yanvar tarixində imzalanmış “Latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamla Azərbaycan dilində vahid qrafik sistemin tətbiqi təmin olunmuşdur. Bu Sərəncamla latın əlifbasına keçidin son mərhələsi başa çatdırılmış, ölkədə yazılı dilin vahid standartlara uyğun istifadəsi üçün hüquqi baza yaradılmışdır. Elə həmin ilin 14 yanvar tarixində qəbul edilmiş “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” Sərəncam isə ana dilində fundamental bilik bazasının formalaşdırılmasına geniş imkanlar yaratmışdır. Milli ensiklopediya layihəsi elmi və mədəni irsin sistemli şəkildə toplanması və təqdim olunması baxımından mühüm əhəmiyyətə malikdir.
2007-ci il dekabrın 30-da imzalanmış digər bir mühüm sənəd – “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” Sərəncam isə milli ədəbi dilin ifadə imkanlarının genişləndirilməsi məqsədi daşımışdır. Bu təşəbbüs çərçivəsində dünya ədəbiyyatı incilərinin Azərbaycan oxucularına ana dilində təqdim olunması təmin edilmiş, tərcümə mədəniyyəti inkişaf etdirilmişdir. Azərbaycan dilinin qloballaşma dövründə dayanıqlı inkişafını təmin etmək məqsədilə 2013-cü il 9 aprel tarixində “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” qəbul olunmuşdur. Bu proqram vasitəsilə dil siyasətinin strateji istiqamətləri müəyyən edilmiş, normativ, tədris və təşviqat sahələrində kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
Müasir texnologiyaların geniş vüsət aldığı dövrdə dilin elektron məkanda istifadəsi də ön plana çıxmışdır. 2018-ci il 17 iyul tarixində imzalanmış “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam bu sahədə mühüm addım olmuşdur. Sərəncam rəqəmsal kommunikasiya mühitində Azərbaycan dilinin qorunması və istifadəsinin təkmilləşdirilməsi məqsədini daşımışdır.
Prezident İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ilə dövlət dilinin tətbiqinə nəzarətin gücləndirilməsi, dil normalarının qorunması və ictimaiyyət arasında dil mədəniyyətinin yüksəldilməsi baxımından əhəmiyyətlidir. Yuxarıda sadalanan tədbirlər Azərbaycan dilinin həm milli-mədəni, həm də elmi və texnoloji inkişafını təmin etməyə yönəlmiş strateji addımlardır. Dövlətin dil siyasəti bu sahədə ardıcıl və sistemli yanaşmanı nümayiş etdirir. Bu sənədlər yalnız dilin qorunması deyil, onun müasir kommunikasiya texnologiyaları ilə inteqrasiyası, təhsildə və elmdə dominantlığı, dil normalarına nəzarət və keyfiyyətin artırılması kimi sahələrdə genişmiqyaslı dövlət siyasətinin həyata keçirildiyini göstərir. Müasir dövrdə dil siyasəti milli təhlükəsizlik strategiyasının tərkib hissəsidir. Dövlət dili milli ideoloji suverenlik, informasiya müstəqilliyi və mədəni özünütəsdiqin əsas dayağıdır. Qloballaşmanın təzyiqləri fonunda dilin saflığını qorumaq, onun süni şəkildə zəiflədilməsinin qarşısını almaq həm də informasiya müharibələrinə qarşı ideoloji qalxandır.
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü gələcəyə strateji baxışın və milli dəyərlərin təntənəsi kimi qəbul edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir dil siyasəti ana dilimizin milli qürur mənbəyi və dövlət müstəqilliyinin ideoloji dayağı kimi inkişafını təmin edir.
Elşən Alıyev,
YAP Daşkəsən rayon təşkilatının sədr müavini