Yer kürəsində dövlətlərarası münsibətlər tənzimləndikcə, zəif ölkələr güclənib ayağa qalxdıqca yüzillik imperiyalar laxlayır və çökür. Bu proses artıq bizim gözlərimiz qarşısında baş verməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişinin mətnini paraflamağa hazır olduqlarını bir neçə həftə əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində bəyan ediblər. Deməli, yerdə qalır tarixi və paraflanmanın imzalanacağı məkanı müəyyənləşdirmək. Bu, artıq otuz ildən artıq davam edən qanlı münaqişənin sona çatması deməkdir. Nəticədə sərhədlərimizdə atəş açılmayacaq, səmamız təhlükəsiz olacaq, insanlar əmin-amanlıq şəraitində yaşayacaqlar. Bunun üçün qarşıda yarımçıq qalan işlər davam etdirilməli, münasibətlər detallarına qədər tamamilə nizamlanmalıdır. Ona görə də Azərbaycan Ermənistandan keçmiş iki həmsədrə-Fransaya və Rusiyaya etimad göstərilməməsini şərt imi qoyub. Çünki özbaşına vasitəçi missiyasına soxulmuş həmin həmsədrlər qəsdən vaxtı uzatmaqla sülh danışıqlarına əngəl törədirdilər. Həmin vəziyyəti yararmaq üçün o vaxt onlar Türkiyənin vasitəçilərdən biri olmasına imkan vermədilər. Hazırkı vəziyyətdə sülh prosesinin çətinliklə razılaşdırılmış şəkildə davamına həmin zərərverici vasitəçiləri yaxın buraxmaq qətiyyən olmaz.
Göstərilir ki, vaxtilə Qarabağ məsələsi ilə məşğul olan 3 həmsədrdən ikisi – Rusiya və Fransa müxtəlif səbəblərdən məkan kimi seçilə bilməz. Çünki onlar uzun illər Azərbaycan xalqının heysiyyatı ilə oynayıblar. Ancaq ABŞ son vaxtlar həm Azərbaycan liderinə, həm də Ermənistana xoş münasibət saxlayır. Görünür, Vaşinqton yaranan fürsətdən öz xeyrinə istifadə etməyə çalışır. Təsadüfi deyil ki, ABŞ Prezidenti Donald Tramp iyulun 18-də amerikalı senatorlarla şam yeməyində “Ermənistan, Azərbaycan, biz orada möcüzə yaratdıq və artıq məqsədə yaxınıq” ifadəsini işlətmişdi. Yəni, Tramp bununla demək istəyirdi ki, sülh sazişinin hazırlanmasında və tərəfləri bir-birinə yaxınlaşdırmaqda onun administrasiyasının da payı var. Halbuki Bakı və İrəvan bu günə qədər danışıqlarda nə əldə ediblərsə, bu, birbaşa dialoq və müzakirələr nəticəsində baş tutub. Buna baxmayaraq, Bakı və İrəvan Tramp administrasiyası ilə yaxşı münasibətlərə ümid bəslədiklərindən Ağ ev sahibinin rolunu kiçildən açıqlama vermədilər.
Haşiyə çıxıb bildirək ki, Prezident Tramp verdiyi vədlərin əksinə olaraq, Rusiya-Ukrayna müharibəsində, həmçinin Yaxın Şərqin sülh prosesində uğur qazana bilmir. Rusiyaya olunan əsas təklif-hərbi əməliyyatların dayandırılması Putin tərəfindən təklifini rədd edilib. Prezident Vladimir Putin başa düşür ki, müharibəni dayandırarsa xalq onu məğlubiyyət kimi qiymətləndirər və hakimiyyətə qarşı ayağa qalxar. Bu səbəbdən də Putin Prezident Donald Trampın planına “yox” deyib. Sözü yerə düşən Donald Trampa isə belə vəziyyətdə hansısa fərqli uğur hekayəsi lazımdır. Bundan əvvəl Suriyada da Türkiyəyə güzəştə gedərək geri çəkilməli olmuşdu. ABŞ adminstrasiyası bu uğursuzları ört-basdır etmək məqsədi ilə Cənubi Qafqazda sülh prosesinə kömək etməklə uğursuzluq zolağından çıxmağı düşünür. Yəni, belə bir uğur Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin sülh sazişini imzalamaları və ya paraflamaları ola bilər. Buna baxmayaraq, Bakının iki tələbi - Ermənistan konstitusiyasında dəyişiklik və Minsk qrupundan imtina gündəmdə aktuallığını qoruyur. Rəsmi Bakının israrlı tələblərindən sonra çıxılmaz vəziyyətdə qalan Ermənistan onların yerinə yetirilməsini vəd edib. Daşnakların, revanşistlərin və xarici dairələrin müdaxilələrinə baxmayaraq Paşinyan hökuməti bütün müqavimətləri bir-bir qıraraq son məqsədin bir addımlığına çatıb.
Çox güman ki, əgər ABŞ axıradək bu məsələnin həllinə töhfə verərsə Azərbaycanın tələbləri vaxt itirilmədən yerinə yetiriləcək və sülh müqaviləsinin bağlanmasına “yaşıl işıq” yandırılacaq. Bununla da ABŞ həm Rusiyanın, həm də Fransanın Cənubi Qafqazda yerləşmək imkanlarını əllərindən alacaq. Region xalqlarının yüzillik arzuları da elə bundan ibarətdir. Nəhayət, boynumuza dolanmış zəhərli ilanlar açılıb düşəcək və həm biz, həm də regionun digər xalqları azad nəfəs alacaq. Üç yüz illik vəhşiliklərə, soyqırımlara, qeyi-insani rəftara, deportasiyalara, tüğyan edən şovinizmə, saysız-hesabsız ərazi itkilərinə son veriləcək, əsarətdən qurtulmuş və müstəqillik qazanmış xalqlar yeraltı və yerüstü sərvətlərinin sahibi olacaq. Artıq otuz dörd ildir ki, qollarımıza vurulan qandallar açılıb, xalqlar azadlığın şirinliyini dadıb. İnsanlar üçün bunlardan da böyük nemət ola bilməz. Didişən imperiyalar isə tənəzzül və məhvolma günlərini yaşamaqdadır. Rusiyanın cəllad başçıları tələyə düşmüş canavarlar kimi özlərini ora-bura vursalar da onlar üçün hər yerdə xilas yolları qapanıb. İndi tarix boyu başqaları üçün əkdiklərini özləri biçməli olublar.
Beləliklə, zülmlə abad olan qaniçən imperiyanın axırı bir gün bərbad olmalı idi. Olur da.
Vəli İlyasov, “İki sahil”