06 avqust 2025 12:01
191

Regionda sülh və sabitlik üçün tarixi fürsət və uğursuz Minsk qrupu...

Ermənistanla Azərbaycan arasında münaqişə ölkəmizin tarixi ədaləti bərpa etməsi ilə başa çatıb. Artıq iki ölkə arasında sülh müqaviləsinin mətni də razılaşdırılıb. Amma Cənubi Qafqazda sülh və sabitlik üçün Ermənistan konstitusiyasında dəyişilməsi vacib olan maddələr var. Digər tərəfdən, Ermənistan-Azərbaycan münaqişəsinin həllində tam iflasa uğramış ATƏT-in Minsk qrupu da rəsmi şəkildə ləğv olunmayıb. Mövcud beynəlxalq qanunlara görə, Ermənistan Minsk qrupunun ləğv edilməsi üçün Azərbaycanla birgə ATƏT-ə müraciət etməlidir. Yeri gəlmişkən, rəsmi Bakının İrəvanla bütün bəndləri razılaşdırılmış sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü iki şərtdən biri budur.

Prezident İlham Əliyev müxtəlif tədbirlrdə ABŞ-dan, Rusiyadan və Fransadan olan həmsədrlərdən təşkil edilmiş  ATƏT-in uğursuz Minsk qrupunun rəsmi şəkildə buraxılması zərurətini dəfələrlə bildirib. Məsələn, bu ilin aprelində Prezident İlham Əliyev ATƏT-in Baş katibini qəbul edərkən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində tam iflasa uğramış ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtının artıq çoxdan çatdığını, Ermənistan tərəfindən də bu xüsusda addımların atılmalı olduğunu bir daha qeyd edib. Bir məsələni də vurğulayaq ki, Azərbaycan- Ermənistan münasibətləri sistemində mənfi reputasiyaya malik bu qrupun bugünkü sülh prosesinə də heç bir aidiyyatı yoxdur. Mövcud vəziyyət bir daha göstərir ki, real nəticələrə yalnız tərəflər arasında birbaşa dialoq vasitəsilə nail olmaq mümkündür.

Qarşı tərəf isə bu məsələnin yalnız sülh müqaviləsinin imzalanması ilə eyni vaxtda ola biləcəyini bildirməkdədir. Daha doğrusu, rəsmi İrəvan bildirir ki, sözügedən təsisatın ləğvi üçün birgə müraciət sülh müqaviləsinin imzalanması ilə eyni vaxtda ünvanlana bilər. Ölkəmiz isə haqlı olaraq məsələnin bu cür qoyuluşu ilə razı deyil. Şübhəsiz, Ermənistanın bu məsələyə yanaşmasında hiylə var. Belə ki, heç kəs ATƏT-in Minsk qrupunun sülh müqaviləsi imzalandıqdan sonra ləğv ediləcəyinə təminat verə bilməz.

Bəli, Ermənistan və onun havadarları, xüsusilə Fransa Minsk qrupunu canlandırmaqda, onun fəaliyyətini davam etdirməsində təkid etməkdədirlər. Halbuki, Ermənistan rəhbərliyi də daxil olmaqla, regional oyunçular çox yaxşı bilirlər ki, Minsk qrupunun missiyası artıq tarixin zibilliyinə gedib. Yəni, ATƏT-in Minsk qrupu artıq keçmişdə qalmış, real siyasi çəkisini və funksional imkanlarını itirmiş bir formatdır.

Görünən budur ki, onlar Minsk qrupunun “xortlamaq”la Cənubi Qafqazda yaranan yeni reallıqlara kölgə salmağa çalışırlar. Daha doğrusu, təcavüzkar ölkə və onun havadarları bu qurumun formal olaraq qalması ilə münaqişənin hələ tam həll olunmadığını göstərmək niyyətindədirlər. Ermənistan rəsmilərinin fikrincə, ATƏT-in Minsk qrupu Qarabağ ermənilərinin geri qayıdışı üçün platforma rolunu oynaya bilər. Digər tərəfdən, Ermənistan Minsk qrupuna sülh prosesinə təzyiq mexanizmi kimi baxır. Bütün bunlar isə Ermənistanın revanşist niyyətindən, yəni gələcəkdə Azərbaycana qarşı beynəlxalq təzyiq vasitəsi kimi nəzərdə tutulmasından xəbər verir. 

Yeri gəlmişkən, qeyd edək ki, bu günlərdə Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi Helsinki Yekun Aktının 50-ci ildönümünə həsr olunmuş “Helsinki+50” konfransında bu məsələ ilə bağlı bəyanat da yayımlayıb. Bəyanatda bildirilir ki, onilliklər ərzində ATƏT-in bu və digər prinsip və öhdəliklərinin seçici şəkildə tətbiqi ATƏT regionunda təhlükəsizliyə və əməkdaşlığa ciddi zərbə vurub. Bu sənəddə, həmçinin qeyd olunur ki, ATƏT-in münaqişələrin həlli üzrə mandatını yerinə yetirməməsi qarşısında Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməyə məcbur olub, bununla Cənubi Qafqaz regionunda sülh və sabitlik üçün tarixi fürsət yaradıb: “Bu kontekstdə münaqişənin başa çatması ilə aktuallığını itirmiş keçmiş Minsk prosesi ilə bağlı olan ATƏT strukturlarının bağlanması xüsusilə zəruridir. Təşkilat daxilində, o cümlədən büdcə prosesində səmərəliliyin, şəffaflığın və hesabatlılığın təkmilləşdirilməsi cari problemlərin həlli yollarını tapmaq və gələcək çağırışlara hazırlaşmaq üçün əsas olacaqdır. Təşkilatın məhdud resursları ən çox ehtiyac duyulan yerdə istifadə edilməlidir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”