08 avqust 2025 16:59
176

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda təmir işləri aparılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Böyük İpək yolu”nun tərkib hissəsi olan M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda təmir işləri aparılır.

“İki sahil” xəbər verir ki, Agentlikdən bildirilib ki, əsaslı təmir işləri M2 magistralının 15-117 kilometrlik hissəsini əhatə edir.

Hazırda təmir işləri yolun 97,7-ci kilometrindən 104,5-ci kilometrinədək olan hissəsi üzrə icra olunur. Bu çərçivədə zəruri yerlərdə qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası, deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması işləri yerinə yetirilir.

Texnoloji ardıcıllığa uyğun olaraq, yeni asfalt-beton örtüyünün döşənməsi və hərəkətin normal təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri görüləcək.

Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə aparılır. Tikintinin tərtib olunmuş qrafikə uyğun zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.