Avqustun 11-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Masallı Elektrik Şəbəkəsi ərazi partiya təşkilatında “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Heydər Əliyev - Dünyanın enerji xəritəsini dəyişən Lider” mövzusunda növbəti seminarı keçirilib.
Seminarda əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirmişdir ki, Azərbaycanın müstəqil dövlətçilik tarixinin təhlili göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyaya iradəli, dünya görüşlü və xalqın dəstəyinə malik şəxs rəhbərlik edə bilərdi. XX əsrin 90-cı illərinin sonunda Azərbaycanda belə rola iddia edə bilən və bu işlərin öhdəsindən gəlmək iqtidarında olan yeganə lider Heydər Əliyev idi. Heydər Əliyevin əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil edir. Onun bu sahə üzrə toplanmış zəngin irsinin tədqiqi təkcə bugünkü ictimai-siyasi dairələr üçün deyil, həm də gələcək nəsillər, Azərbaycana rəhbərlik edəcək bütün liderlər üçün örnək rolunu oynamağa layiqdir.
Seyfəddin Əliyev qeyd etmişdir ki, xalqın iradəsi və çağırışı ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərcilikdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün də təcili tədbirlər görməyə başladı. “Hamımıza məlumdur ki, 1994-cü il sentyabrın 20-də Bakı şəhərində Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalandı. Bununla da "Yeni neft strategiyası" uğurla həyata keçirilməyə başlandı. Bağlanmış müqavilələr Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 1994-cü il dekabrın 12-də qüvvəyə mindi. Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan və sonradan "Əsrin müqaviləsi" adlandırılan bu iri layihə üzrə ilkin neft 1997-ci il noyabrın 12-də hasil edilməyə başladı. Təqribən 730 milyon ton neft və 200 milyard kubmetrə yaxın təbii qaz ehtiyatına malik olan yataqlarda görüləcək işlərə 12-14 milyard ABŞ dollarına yaxın investisiya qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikası üçün çox vacib idi.
Təşkilat sədri sonda qeyd etdi ki, “Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətə bağlamaq olmaz”, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” və nəhayət “Tarix həmişə hər şeyi öz yerinə qoyur”. Bu fikirlər Ümummilli Lider Heydər Əliyev tərəfindən ayrı-ayrı vaxtlarda deyilib. Lakin tarixin vərəqlənməsi fonunda şahid oluruq ki, həm də biri digərini tamamlayan fikirlərdir. Sanki illər ərzində ölkəmizə əhəmiyyətli uğurlar qazandıran enerji strategiyasının reallaşması üçün hesablanıbmış. Bu gün fəxrlə deyə bilərik ki, əsrin geoiqtisadi vəziyyətini dəyişən müqavilə Azərbaycanın simasında həm də dünyanın enerji xəritəsini dəyişib.
Masallı Elektrik Şəbəkəsinin rəisi Samir Hüseynov məruzə ilə çıxış edərək bildirdi ki, siyasi liderlik bir və ya bir neçə fərdin həyata keçirdiyi elə bir hakimiyyətdir ki, bununla millətin nümayəndələri hərəkətə gətirilir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev özünün uzaqgörən siyasəti və gərgin əməyi sayəsində, ağır və ziddiyyətli şəraitə baxmayaraq, tarixin çox qısa bir zamanı çərçivəsində ölkəsinin kövrək müstəqilliyini qoruyub möhkəmləndirməklə bərabər, respublikanın sosial-iqtisadi inkişafında və dünya təsərrüfat sisteminə inteqrasiya olunmasında da çox böyük uğurlar qazandı. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, ölkədə müstəqil dövlət quruculuğu prosesinin həyata keçirildiyi bu dövrdə iqtisadi islahatların mahiyyətcə tam yeni bir modeli – Azərbaycan modeli meydana gəldi. O, qeyd etdi ki, Azərbaycan iqtisadiyyatı Ümummilli Lider Heydər Əliyevin yaratdığı təməl üzərində hərtərəfli və dinamik inkişaf edir. Bu gün ölkədə mühüm qlobal proqramlar, irimiqyaslı layihələr, müxtəlif sahələri əhatə edən çoxsaylı Dövlət Proqramları həyata keçirilməkdədir ki, bütün bunlar da ən ümdə məqsədə - Azərbaycan dövlətinin iqtisadi qüdrətinin, nüfuzunun artmasına, beynəlxalq aləmdə ədalətli mövqeyinin təmin olunmasına və ən başlıcası ölkədə həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Seminarda iştirak edən Masallı Elektrik Şəbəkəsi ərazi partiya təşkilatının sədri Mirzəbaba Mirzəyev, Faiq Abışov və başqaları dövlətimizin keçdiyi çətin müstəqillik yolundan bəhs edərək, ulu öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səylərindən danışıblar.