Məktəbəqədər təhsil müəssisələrinə peşəkar kadrların cəlb edilməsi daim diqqət mərkəzində saxlanılır. 2022 və 2023-cü illərdə məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vakansiyası üzrə keçirilən müsabiqələr nəticəsində 850 nəfər ixtisaslı kadr işə qəbul olunub. Növbəti müsabiqənin isə bu il avqustun 22-də keçirilməsi planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
İyulun 29-dan avqustun 4-dək sənəd qəbulu aparılıb. Müvafiq vəzifə üzrə 7027 nəfər müraciət edib və 5000-ə yaxın ərizə təsdiq edilib. Hazırda ölkə üzrə tərbiyəçi-müəllim vəzifəsi üzrə 400-ə yaxın vakant yer mövcuddur.
Müsabiqəyə təqdim olunan çərçivə sənədi 60 sualdan ibarətdir. Bu suallar məktəbəqədər təhsil üzrə məzmun və metodika, pedaqoji və psixoloji yanaşmaları əhatə edir. Namizədlər bu sənədlə Təhsil İnstitutunun rəsmi internet səhifəsində tanış ola bilərlər.