12 avqust 2025 14:12
137

Sertifikasiyadan keçməyən müəllimlər üçün xüsusi komissiyalar yaradılıb

Müəllimlərin sertifikatlaşdırılması prosesində uğur qazanmayan şəxslərin sosial vəziyyətləri və məşğulluq imkanlarının qiymətləndirilməsi məqsədilə yerli təhsili idarəetmə orqanlarında xüsusi komissiyalar yaradılıb.

“İki sahil” xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, komissiyalar tərəfindən keçirilmiş fərdi görüşlər nəticəsində sosial həssaslıq meyarları əsasında prioritetlik səviyyələri müəyyən edilib və işlə təmin olunma istiqamətində müvafiq tədbirlər görülüb. Bildirilib ki, cari ildə baş tutmuş sertifikatlaşdırma prosesində 2343 nəfər müvafiq keçid balını toplamayıb.

Müvafiq komissiyalara 872 nəfər müraciət edib. Hazırda sosial baxımdan ən həssas olan vətəndaşların alternativ işlərlə təminatı üzrə rəsmiləşdirmə prosesinə başlanılıb.