14 avqust 2025 22:52
151

Şəhid Pəncəli Teymurovun xatirəsinə həsr olunmuş mini futbol turniri

Vətən və millət yolunda canından keçərək şəhidlik zirvəsinə ucalan Pəncəli Teymurovun ömür yolu nə qədər qısa olsa da, müharibə meydanında göstərdiyi qəhrəmanlıqla gələcək nəsillər üçün bir tarix yazıb getdi. Boya-başa çatdığı Astarada  camaat hər yerdə, hər zaman öz igid oğlunu xatirəsini əziz tutur, böyük ehtiramla onu yad edir, adına  layiqli işlər görürlər.  01-12 avqust tarixlərində “Ümid” İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı və “Ümid” İdman Kompleksinin dəstəyi ilə Şəhid Pəncəli Teymurovun xatirəsinə həsr olunmuş mini futbol idman növü üzrə Astara rayon açıq turniri keçirildi.  4 qrup üzrə 16 komandanın, ümumilikdə 185 idmançının qatıldığı turnir sona çatdı.

A qrupundan “Ümid FK” (Astara) komandası I yeri, “Parakənd” (Lənkəran) komandası II yeri, B qrupundan “Ərçivan FK” (Astara) komandası I yeri, “Mamusta” (Lənkəran) komandası II yeri, C qrupundan “Kijəbə FK” (Astara) komandası I yeri, “Hirkan qəsəbə” (Lənkəran) komandası II yeri, D qrupundan “Kənarmeşə” (Lənkəran) komandası I yeri, “Tüləkvan” (Astara) komandası II yeri qazanaraq turnirin ¼ final mərhələsinə yüksəldilər.

¼ final, yarımfinal və final oyundan sonra yekun nəticəyə əsasən I yeri “Ərçivan FK” (Astara) komandası, II yeri “Mamusta” (Lənkəran) komandası, III yeri “Tüləkvan” (Astara) komandası qazandılar.

Açılış və təltif etmə  mərasimində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun müdiri Rufan Şirinov və əməkdaşlar, Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev, “Ümid” İdman Kompleksinin direktoru Ümidvar Məmmədov iştirak etdilər.

I, II, III yerləri tutan komandalar və komanda üzvləri Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomları və qalib komandalar “Ümid” İdman Kompleksinin kuboku və hədiyyələri ilə, eləcə də fərqlənən təşkilatçılar və hakimlər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşəkkürnamələri ilə təltif olundular.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü