Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 04-08 avqust 2025-ci il tarixlərində Bakıda və regionlarda uşaqların asudə vaxtının səmərəli təşkili ilə bağlı valideynlər üçün maarifləndirici görüşlər, uşaqlar üçün isə interaktiv tədbirlər keçirilib.
“İki sahil” xəbər verir ki, uşaqların iştirakı ilə keçirilən tədbirlərin əsas məqsədi yay tətilinin mənalı, faydalı və yaddaqalan keçirmələri, onların psixoemosional inkişafının və sosial bacarıqlarının möhkəmləndirilməsidir. Proqram çərçivəsində uşaqlar fərdi və komanda halında keçirilən müxtəlif növ əyləncəli və intellektual oyunlarda fəal iştirak edib, psixoloji tapşırıqlar əsasında özlərini psixoemosional baxımdan ifadə edib, keçirilən debatlar zamanı diskussiya etmək bacarıqlarını nümayiş etdiriblər.
Valideynlərlə keçirilən maarifləndirici görüşlərdə UADM əməkdaşları Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu” adlı analitik hesabat əsasında çıxış edərək, asudə vaxtın səmərəli təşkilinin hər yaş dövründə əhəmiyyətli olduğunu, şəxsiyyətin inkişafında özünəməxsus rol oynadığını vurğulayıblar. Görüşlərdə valideynlərin sualları cavablandırılıb, bukletlər paylanılıb.