15 avqust 2025 13:50
94

“Zəfərimizin sülhə aparan yolu” adlı konfrans keçirilib

15 avqust saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşü və bu görüşün tarixi əhəmiyyəti ilə bağlı “Zəfərimizin sülhə aparan yolu” adlı konfrans keçirilib. Konfransda müxtəlif kateqoriyadan olan veteranlar, şəhid ailələri, millət vəkilləri, tanınmış ziyalılar, zabit və kursantlar iştirak edib.

Konfransdan öncə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 avqust razılaşmasının tarixi, eləcə də, iqtisadi-siyasi əhəmiyyətindən bəhs edib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində hərb meydanında qazandığı qələbəni diplomatik müstəvidə uğurla başa çatdırdı, yeni bir dönəmin başlanğıcını qoydu:

“Avqustun 8-də Ağ Evdə, ABŞ-ın təşəbbüsü və vasitəçiliyi ilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması, eləcə də Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması sülhə gedən yolda mühüm tarixi hadisədir. 

Sülhü qorumaq, bəzən qələbə qazanmaqdan daha çətindir. Prezidentimizin ABŞ-na səfəri yalnız iki ölkə arasında münasibətlərin yeni səhifəsinin açılması baxımından deyil, eyni zamanda, uzun illərdən bəri dövlətimizi zəiflətməyə çalışan, onu müəyyən güzəştlərə vadar etməklə öz milli maraqlarından əl çəkməsini istəyən və beləliklə sülh prosesini pozaraq bölgəni yenidən gərginliyə sürükləmək niyyətində olan beynəlxalq güclərin çirkin təzyiq siyasətini açıq şəkildə məğlubiyyətə düçar etdi.

Müzəffər  Ali Baş Komandanımız Azərbaycan əsgərinin döyüş meydanında qazandığı parlaq Zəfəri diplomatik sferaya - danışıqlar masasına daşıyaraq rəsmiləşdirdi. Bununla, qlobal güclərə qələbədən sülhə keçidin yeni reallığını qəbul etdirməyi bacardı, beynəlxalq münasibətlərdə ölkəmizin mövqeyi möhkəmləndi.

Birgə Bəyannamədə region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin (yeni adı ilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP)) yaradılması kimi mühüm müddəalar da öz əksini tapıb. Xatırladaq ki, bu tələb də Sülh Sazişinin imzalanması üçün Ermənistan qarşısında Azərbaycan tərəfinin prinsipial şərtlərindən biri idi. Belə ki, Prezident İlham Əliyev daim çıxışlarında da Zəngəzur dəhlizinin mütləq şəkildə reallaşacağını, yalnız bunun zaman məsələsi olduğunu vurğulayıb.

Dövlətimizin başçısının müdrik siyasəti nəticəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması haqqında razılaşmanın tələbləri də sənəddə öz təsdiqini tapıb. Bu həm də dəhlizin reallaşmasında gələcəkdə yarana biləcək istənilən situasiyaya qarşı ABŞ-ın əsas qarant olduğunun göstəricisidir”.

Polkovnik Cəlil Xəlilovdan sonra söz alan natiqlər - Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" kafedrasının müdiri, tarix elmləri doktoru, professor Ağalar Abbasbəyli, Milli Məclisin deputatı, "İki sahil" qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Bakı Slavyan Universitetinin "Jurnalistika" kafedrasının müdiri, Siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev, Azərbaycan Respublikası “Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru hüquq elmləri doktoru, professor, İnsan Hüquqlarının Təşviqi Mərkəzi İctimai Birliyinin sədri Əmir Əliyev, Sumqayıt  şəhər  Veteranları Təşkilatının sədri, əmək veteranı  Sovet Şükürov, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı - publisist Şərəf Cəlilli 8 avqust razılaşmasının tarixi-regional əhəmiyyəti ilə bağlı bir-birindən maraqlı fikirlər səsləndiriblər. Çıxışçılar qeyd ediblər ki, məhz Müzəffər Ali Baş Komandanın uzunmüddətli səmrəli və prinsipial siyasəti nəticəsində Cənubi Qafqazda etibarlı sülhü bərqərar etmək, kənar güclərin regionla bağlı təxribatlarının qarşısını almaq mümkün oldu.

Konfransda Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutun kafedra rəisi polkovnik Rasim Qədiməliyev də iştirak edib.