15 avqust 2025 12:28
101

Qazaxıstanın Baş naziri: Regionun bütün dövlətlərinin maraq göstərəcəyi alternativ marşrutların yaradılması məsələsini araşdırmaq lazımdır

Avrasiya İqtisadi İttifaqında (Aİİ) alternativ nəqliyyat marşrutları yaradılmalı və dəmir yolu layihəsi Əfqanıstan vasitəsilə Pakistana inteqrasiya edilməlidir.

“İki sahil” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Oljas Bektenov Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib. O qeyd edib ki, Aİİ ölkələri "magistral-nəqliyyat arteriyaları ilə əhatə olunub". Bununla əlaqədar Baş nazir vurğulayıb ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti ildən-ilə artır və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanları genişlənir.

"Regionun bütün dövlətlərinin maraq göstərəcəyi alternativ marşrutların yaradılması məsələsini araşdırmaq lazımdır. Bu baxımdan Pakistanın Kəraçi limanı istiqamətində 10 milyon tona qədər yük daşımalarını təmin edə biləcək Turqundi-Herat dəmir yolu layihəsinə, eləcə də Əfqanıstandakı digər iri layihələrə diqqət yetirmək istərdik. Bu çox perspektivli nəqliyyat magistralının mövcud Avrasiya marşrutları sisteminə inteqrasiyası məsələsi üzərində işləməyi təklif edirik", - O.Bektenov bildirib.