15 avqust 2025 13:06
73

“Əş-Şarq əl-Avsət” qəzeti: Azərbaycan Asiya ilə Avropa arasında iqtisadi körpü rolunu gücləndirə bilər

Şərqlə Qərbin kəsişdiyi nöqtələrdə nüfuz xəritələrinin yenidən cızıldığı həlledici bir məqamda Ağ Evdə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülhə dair sənədin imzalanması onilliklər ərzində davam etmiş münaqişənin tarixində dönüş nöqtəsi hesab olunur.

“İki sahil” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Londonda nəşr edilən nüfuzlu “əş-Şarq əl-Avsət” qəzetində Huda əl-Hüseyninin məqaləsində bildirilib.

Regionda yaranmış yeni reallıqlara toxunulan məqalədə qeyd olunub ki, Cənubi Qafqaz Rusiya, Avropa, İran və Türkiyə arasında enerji və nüfuz dairəsinin kəsişdiyi əhəmiyyətli bölgə sayıldığına görə, “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” adlandırılan razılaşma tərəflər arasında qarşıdurmanı dayandırmaqla bərabər, ABŞ-a Cənubi Qafqazda strateji imkanlarını genişləndirmək üçün müstəsna iqtisadi və təhlükəsizlik hüquqları yaradıb. Eləcə də vurğulanıb ki, enerji ilə zəngin Cənubi Qafqaz uzun müddət davam etmiş münaqişə səbəbindən potensialını reallaşdıra bilməyib. Eyni zamanda, diqqətə çatdırılıb ki, əksər dövlətlər tərəfindən müsbət qarşılanan Vaşinqton razılaşmasına Rusiya və İranda müxtəlif dairələrin mövqeyi birmənalı olmayıb.

Həmçinin yazılıb ki, Vaşinqton razılaşması daha geniş regional əməkdaşlıq mexanizmlərinə inteqrasiya istiqamətində Azərbaycan üçün qapı rolunu oynaya, yeni enerji və ticarət yolları aça, Azərbaycanın Asiya ilə Avropa arasında iqtisadi körpü rolunu gücləndirə bilər. Sözügedən iqtisadi imkanlar həm də təhlükəsizlik amilləri qədər əhəmiyyətlidir, çünki bu marşrut Azərbaycanı qlobal ticarət şəbəkələrinə bağlayır.

Məqalədə vurğulanıb ki, Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulmasına qarşı ortaya qoyulan sərt mövqe, eləcə də Ermənistanda Moskvanın iqtisadi və təhlükəsizlik asılılığına qarşı narazılığın artması Cənubi Qafqazda inteqrasiyanın güclənməsinə yol açır. Belə ki, Ermənistanla Gürcüstanın əlaqələrinin daha da möhkəmləndirilməsi gözlənilir. Azərbaycanın isə həm də daha geniş regional məsələlərin həllində rolu artıb, İsrail və Suriya arasında görüşlərə vasitəçilik edərək, coğrafi sərhədlərinin xaricində də təsir imkanlarını nümayiş etdirib.