Təvəkkül İsgəndərov: İlanlar həddindən artıq istiyə dözümlü deyil
İlan sancmaları ölkəmizdə hər zaman mövsümi hadisə kimi qəbul edilsə də, son illərdə bu faktların artması diqqətdən yayınmır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) verdiyi məlumata görə, bu ilin 6 ayı ərzində qurumun tabeliyindəki tibb müəssisələrinə ilan zəhəri ilə toksik effekt diaqnozu qoyulan ümumilikdə 148 nəfər müraciət edib. Bildirilib ki, sözügedən dövr ərzində ölüm faktı qeydə alınmayıb. Yeri gəlmişkən TƏBİB-ə istinadən qeyd edək ki, respublikamızın ayrı-ayrı regionlarında yerləşən mərkəzi rayon xəstəxanaları, eyni zamanda, Bakıdakı bütün poliklinikalar zəruri tələbata uyğun olaraq zərdabla tam təmin olunub.
Rəqəmlər göstərir ki, ilan sancmaları artıb. Bu məsələ ekoloji və sosial problem kimi aktuallaşır. Bu artım nə ilə əlaqədardır?
- Bəzi mütəxəssislər bu amili son illərdə ölkədə müşahidə olunan isti hava şəraiti ilə əlaqələndirirlər. Amma bu, yeganə səbəb deyil. “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyinin sədri, AMEA Zoologiya İnstitutunun biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərovun sözlərinə görə, son illər şəhərlərdə, kəndlərdə və qəsəbələrdə tikinti işləri çoxalıb: “Bu mənada son illər ilan sancmalarının çoxalması ilanların sayının artması ilə əlaqədar deyil. Bu, ilanlar yaşayan ərazilərdə aparılan tikinti işlərindən, məskunlaşma ilə əlaqədar insanların sayının artmasından irəli gəlir. Başqa sözlə desək, bu, ilan yaşayan ərazilərin insanlar tərəfindən mənimsənilməsi ilə bağlıdır. Unutmayaq ki, həmin ərazilər ilanların yaşadığı ərazilərdir. Tutaq ki, bir zamanlar 5-10 ilanın yaşadığı filan ərazidə 30-40 adam yaşayırdı. Onlardan da 3-4 nəfəri ilanla rastlaşırdı. Təbii ki, həmin ərazidə 300-400 adam yaşayanda ilanla rastlaşanların sayı daha çox olur. Bu mənada, bu heç də ilanların sayının artması demək deyil. Yəni onu demək istəyirəm ki, sancma hallarının çoxalmasının ilanların sayının artmasına heç bir dəlaləti yoxdur. Sadəcə, bu problemi həmin ərazilərdəki insan artımında, onların fəaliyyətlərində axtarmaq lazımdır”.
Müsahibimiz, həmçinin bildirdi ki, Abşeronda ilanlarla qarşılaşma halları daha çoxdur: “Çünki son 20-30 il ərzində bu ərazidə insan ayağı dəyməyən, tikinti aparılmayan, bağ salınmayan, obyekt quraşdırılmayan bir yer qalmayıb. Yəni, bir zamanlar ilanların mələşdikləri Sulutəpə, Ceyranbatan ərazilərində demək olar ki, boş yer yoxdur. İlanlar artıq Abşeronda yaşamağa yer tapmırlar. Onlar demək olar ki, insanlarla birgə yaşayırlar. Elə bu səbəbdən də insanlarla daha tez-tez rastlaşırlar. Bu rastlaşma hallarında sancmalar da olur. Təkrar edirəm, bu heç də ilanların artımından xəbər vermir. Onların yaşadıqları ərazilərdə insanların çoxalması ilə əlaqədardır”.
O ki qaldı bəzi mütəxəssislərin bu amili son illərdə ölkədə müşahidə olunan isti hava şəraiti ilə əlaqələndirmələrinə… Həmsöhbətimiz bildirdi ki, havaların istiləşməsinin bu məsələyə heç bir aidiyyəti yoxdur: “İlanlar (onlar soyuqqanlıdırlar) həddindən artıq istiyə dözümlü deyillər. Odur ki, onlar belə havalarda sərin yer axtarırlar. Bu mənada demək olar ki, havaların istiləşməsi onların fəallığını daha da azaldır. Havaların isti keçməsini ilanların fəallaşmasına səbəb kimi göstərmək doğru deyil. Onu da vurğulayaq ki, insanların məskunlaşdığı yerlərdə ilanlar narahat edildikləri üçün gizləndikləri yerlərdən çıxır və başqa gizlənmə yerləri axtarmağa məcbur olurlar. Elə bu kimi səbəblərdən insanlarla tez-tez rastlaşırlar”.
Mütəxəssis ilan sancması zamanı görülməli olan ilkin tədbirləri də izah etdi: "Bəri başdan deyim ki, ilan sancan zaman çox vaxt düzgün ilkin tibbi yardım göstərilmir. Bu da insanların bu məsələ ilə bağlı bilgilərinin az olmasından irəli gəlir. İlan sancarkən nələri etmək lazımdır? İlan sancan şəxsin fiziki hərəkətləri məhdudlaşdırılmalıdr, yəni o tez-tez hərəkət etməli deyil. Əks halda onun qan dövranı sürətlənə bilər. Çünki ilan zəhəri qan vasitəsilə orqanizmə təsir edir. İlan sancan yer tikan batmış yer kimi görünür. Həmin yerdən qanı tez sıxıb çıxarmaq lazımdır. Zəhər qana keçəndən sonra oradan qan çıxartmağın xeyiri yoxdur. Çox vaxt qan çıxsın deyə ilanın diş batırdığı yeri kəsirlər, dağlayırlar, hətta sabunla yuyurlar. Halbuki bunları etmək qətiyyən olmaz. Belə olduğu təqdirdə, daha ağır, dərin yaraların əmələ gəlməsinə səbəb olur ki, bu da pis nəticələr verə bilər. Daha nələr etmək olmaz? İlan sancan yeri sarğı ilə bağlamaq olmaz. Çünki bu, gələcəkdə daha ağır fəsadlarla nəticələnir. Hətta qanqrenaya gətirib çıxara bilir. Ən vacib məsələ - zəhərli və ya zəhərsiz olmasından asılı olmayaraq, hər bir ilan sancmasını potensial təhlükə kimi qəbul edib, dərhal həkimə müraciət etmək lazımdır. Bəzi insanlar buna laqeyd yanaşırlar. İş-işdən keçəndən sonra həkimə üz tuturlar. Bu da gec olur. Bu gecikmə ilə əlaqədar sancma yerində ağır yara əmələ gələ bilər ki, bu da həmin yerin ambutasiyası ilə nəticələnir. Həmin hissədə qana düşmüş zəhər əzələləri, toxumaları sıradan çıxarır. Amma vaxtında həkimə müraciət edildikdə, qana düşmüş zəhərin böyrək vasitəsilə çıxarılması sürətləndirilir. Bir sözlə, ilan sancmış adam həkimə müraciəti gecikdirməməlidir. Elə fəsadların yaranmasının əsas səbəbi də gecikdirmələrdir. Onu da deyim ki, ilan sancmış şəxs mümkün qədər çoxlu maye qəbul etməlidir ki, böyrəklər zəhəri tez bir zamanda orqanizmdən xaric etsin. Əgər evdə zərdab varsa və ixtisaslı biri tərəfindən tətbiq edilə bilirsə, əzələyə vurulması tibbi yardıma qədər vaxt qazandıra bilər”.
Qvami Məhəbbətoğlu, “İki sahil”