23 avqust 2025 21:30
107

32 ildən sonra Cəbrayıl şəhərinin 3 şagirdi tələbə adını qazanıb

Həyatın yenidən canlandığı işğaldan azad olunan ərazilərdə daha bir sevindirici xəbərlər həmin ərazilərdə məzun olan şagirdlərin tələbə adını qazanmasıdır. Cəbrayıl şəhər məktəbində də əlamətdar anlar yadda qalan olub və təhsil ocağının 3 şagirdi tələbə adını qazanıb.

“İki sahil” xəbər verir ki, işğaldan azad olunan Cəbrayıl şəhərində 32 ildən sonra 2024-2025-ci tədris ilində fəaliyyətə başlayan Mehdi Mehdizadə adına Cəbrayıl şəhəri tam orta ümumtəhsil məktəbindən bu il ilk dəfə 5 nəfər şagird məzun olub və onlardan 3-ü tələbə adını qazanıb.

Məktəbin şagirdi Vəliyeva Fatma Elnur qızı 581,9 bal toplayaraq Azərbaycan Dillər Universiteti, Alman dili üzrə xarici dil müəllimliyi fakültəsinə, Sadıqlı Ömər Müşfiq oğlu 342,7 bal ilə Azərbaycan Dövlət İqtisad Universiteti Menecment fakültəsinə, Məmmədli Tural Emin oğlu 216,9 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universiteti Dizayn fakültəsinə qəbul olub. Bir nəfər şagird isə kollecə daxil olub.

Qeyd edək ki, Cəbrayıl şəhərində inşa edilən 960 şagird yerlik məktəbin ərazisi 2,7 hektardır və məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitlər ilə təchiz edilib. Təhsil ocağında, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol, voleybol və açıq oyun meydançaları yaradılıb.