04 sentyabr 2026 20:47
78

MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətli əmək müqaviləsi ilə vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

“İki sahil” xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, vakansiya seçimində 1467 namizəd uğur qazanıb. Onlar müddətli əmək müqaviləsi ilə çalışmaq imkanı əldə ediblər. Müsabiqədən uğurla keçən namizədlər sentyabrın 10-u saat 18:00-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin surəti, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 3x4 santimetr ölçüdə 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi və şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış tələb olunur.

Qeyd edilib ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiqlənmiş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək.

Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq edildiyini yoxlamaq tövsiyə olunur.