İtaliya öz hərbçilərini Ukraynaya göndərməyəcək, lakin "kənardan" təhlükəsizlik zəmanətlərinin təmin edilməsində iştirakını istisna etmir.
“İki sahil” xəbər verir ki, bu barədə hökumət sarayının mətbuat xidmətinin açıqlamasında qeyd olunub.
Açıqlama hakim koalisiya liderlərinin görüşündən sonra verilib. Sözügedən toplantı ABŞ-də keçirilən son görüşlərdən sonra Ukrayna ilə bağlı mümkün sülh danışıqlarını dəyərləndirmək məqsədilə baş nazir Corcia Meloni tərəfindən təşkil olunub.
"Təsdiq olundu ki, çoxmillətli qüvvələrin Ukrayna ərazisində potensial yerləşdirilməsində İtaliyanın iştirakı nəzərdə tutulmur və Ukrayna hüdudlarından kənarda monitorinq və digər fəaliyyət variantlarına yalnız hərbi əməliyyatlar dayandırıldıqdan sonra baxılacaq", - məlumatda deyilir.
Bundan əvvəl Meloni bildirib ki, Ukrayna üçün Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi əsasında modelləşdirilmiş təhlükəsizlik təminatları Kiyevin Qərb müttəfiqləri tərəfindən nəzərdən keçirilən əsas mexanizmdir.