Müharibədən sonrakı təhlükəsizlik zəmanətləri ətrafında davam edən müzakirələrin bir hissəsi olaraq, Avropa ölkələri ABŞ-ın dəstəklədiyi Ukraynada mümkün qoşun yerləşdirilməsi üçün “olduqca dəqiq planlar” hazırlayır.
“İki sahil”in məlumatına görə, bunu “Financial Times” qəzetinə müsahibəsində Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri Amerikanın dəstəyi ilə çoxmillətli qoşun yerləşdirmə planları hazırlayır: “Ötən həftə, “İstəkli Koalisiya”ya daxil olan hərbi rəhbərlər, funksional qoşun yerləşdirilməsi üçün lazım olan komponentlər də daxil olmaqla, “olduqca dəqiq planları” yekunlaşdırıblar”.
Avropa Komissiyasının Prezidenti əlavə edib ki, yekun qərar milli hökumətlərin səlahiyyətindədir: “Yəcili hərəkət ehtiyacı çox yüksəkdir”.
Fon der Leyenin sözlərinə görə, son aylar ərzində keçirilən bir neçə görüşdə Avropanın etibarlı tərəfdaş olduğu bir daha təsdiqlənib.
Onun fikrincə, Qərb qoşunlarının yerləşdirilməsi gücləndirilmiş Ukrayna ordusunu tamamlamalıdır və bu ordu təhlükənin qarşısını almaqda əsas rol oynamalıdır. O əlavə edib ki, Avropa Komissiyası Ukrayna Silahlı Qüvvələrinə uzunmüddətli maliyyə təminatı üçün yeni maliyyə mexanizmlərini nəzərdən keçirir.
Fon der Leyen vurğulayıb ki, sülh əldə olunduqdan sonra Ukraynada kifayət qədər sayda əsgər olmalıdır, bu əsgərlər yaxşı maaş almalı və müasir silahlarla təchiz olunmalıdır. Bu məsələdə Aİ-nin də töhfə verməsi zəruridir.
O, həmçinin, müharibədən sonrakı dövrdə Ukraynaya Aİ tərəfindən göstərilən dəstək proqramlarının, o cümlədən büdcə yardımlarının qüvvədə qalacağını təsdiqləyib.
Bundan əlavə, Brüssel Ukrayna hərbi personalının təliminə maliyyə ayırmağa davam edəcək və Aİ üzv ölkələrini 150 milyard avro dəyərində fond vasitəsilə Ukrayna şirkətləri ilə birgə silah istehsal etməyə və ya Kiyevə silah almaq üçün bu fonddan istifadə etməyə çağırır.
Avropa Komissiyasının Prezidenti onu da qeyd edib ki, müasir müharibənin xarakteri tamamilə dəyişib və bu səbəbdən pilotsuz uçuş aparatları (PUA), hava və raket müdafiə sistemləri və kibertəhlükəsizlik sahələrinə sərmayə yatırmaq təcili hal alıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”