02 sentyabr 2025 23:57
122

Döyüşdən-döyüşə düşmənə qan udduran cəngavər

Zəfər şəhidi, baş çavuş Fərid Fətəli  oğlu Hüseynov  44 günlük haqq savaşımızda  30 il əsir düşən əzəli yurd yerimiz Qarabağın  işğaldan azad edilməsində  xüsusi  fədakarlıq, igidlik göstərib. 1994-cü il iyunun 23-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olan, xalqımızın mənəvi dəyərlərinə ehtiram ruhunda formalaşan  bu Vətən sevdalısı həyatı dərk edən gündən doğma Azərbaycanın hər guşəsini özünə əziz bilib,  yağı  düşmənin Qarabağımıza ədalətsiz təcavüzünə dözə bilməyib. Elə 2012-ci ilin iyul ayında Fərid müddətli həqiqi hərbi xidmətə çağırılanda da dostların, qohumların qarşısında məqam olan kimi erməni dığalarla  sona qədər döyüşərək qisas alacağına  and içib.

Fərid düşdüyü  “N” saylı hərbi hissdə canından artıq sevdiyi Vətəninə övladlıq borcunu vicdanla yerinə yetirib. Vətənpərvərliyi, cəsurluğu, mərdliyi, ağılı onu bütün çətin sınaqlardan üzüağ çıxardıb.  Nəticədə zabitlər, əsgərlər Fəridin xarakterində cəm olunan müsbət  keyfiyyətlərə heyran qalıblar. Yurduna, millətinə həmişə gərək olmağını   göstərməklə  Fərid   2014-cü ilin yanvar ayında ehtiyata buraxılıb.

Dığalardan alacağı öcə görə Fərid evdə heç cür rahatlıq tapmayıb.  Qəlbi düşmən tapdağında qalan torpaqların azad edilməsi ilə alışıb-yanan, uşaqlıqdan  ona marağını nəzərə alıb  hərbçi olmaq qərarına gəlib.  2015-ci ilin iyul ayının 18-dən etibarən Fərid Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Qəbələ rayonunda yerləşən “N” saylı hərbi hissədə Vətən müharibəsinədək xidmət edərək, xüsusi həmlə qrupunun yarımqrup komandiri vəzifələrinə təyin olunub. İşinə böyük məsuliyyətlə yanaşıb, üzərinə düşən bütün tapşırıqları vicdanla görüb.   Özündən yüksəkdə duran  komandirlərin  ehtiram və inamı doğurmaqla mükafatlara, təşəkkürnamələrı layiq olub.  Ən əsası müharibə meydanında yağının layiqli cavabını vermək üçün  vaxtaşırı keçirilən  məşğələlərdə və praktiki təlimlərdə öz döyüş hazırlığına xüsusi fikir verib , gərəkli hərbi biliklərə, peşə vərdişlərinə əzmkarlıqla, mükəmməl  yiyələnib. Mənəvi-psixoloji hazırlığı cəhətdən də xidmət etdiyi bölmədə fərqlənib. Yarımqrup komandiri kimi tabeliyində olan şəxsi heyətin təlim-tərbiyəsinə xüsusi diqqət yetirib, onlardan qayğısını əsirgəməyib, hər kəslə yoldaşlıqda etibarlı olub. Sözün qısası, Fərid xidmət zamanı  nizam-intizamlı, Vətən sevgisinə tapınmaqla xidmət mənafeyini üstün tutan, öz bilik və bacarıqlarının  inkişafına daimi səy göstərən, icraçılığı  sayəsində  seçilən, mənəvi cəhətdən zəngin, vətənpərvər bir hərbi qulluqçusu  olmaqla  tanınıb.

Fərid Hüseynov 2020-ci ilin sentyabr ayının 27-də erməni işğalçılarına qarşı 44 günlük haqq savaşımız başlananda döyüş meydanına birinci girib. Bu həyatın ölüm-dirim anı olsa da, Fərid onu özünə ən şərəfli sınaq sayıb. “Vətən yaşasın”- deyə ölümə meydan oxumaqla  müharibənin ilk günündən vurduğu sarsıdıcı zərbələrlə yağının canına vəlvələ salıb.  Füzuli rayonunun Seyidmahmudlu, Dədəli, Mirzəcamallı, Aybasanlı, Xocavənd rayonunun Düdükçü, Ağbulaq kəndlərinin ərazilərində axtarış, erməni diversiya-kəşfiyyat qruplarının sızmasının qarşısının alınması, ayrı-ayrı obyektlərdə gizlənmiş düşmən hərbçilərinin  məhv edilməsi üzrə fəaliyyət zamanı Fərid həmişə öndə  gedib, heç bir təhlükədən qorxmayıb.  Füzuli rayonunun Seyidmahmudlu kəndi ətrafındakı adsız yüksəkliklər alınanda  Fəridin həmin əraziyə üçrəngli bayrağımızı sancdığı  gün əsl qəhrəmanlıq tarixinə dönüb.  Alovlu döyüşdən-döyüşə yağıya qarşı hədsiz nifrəti, mərdliklə vuruşmağı Vətən naminə zəfərimizin lap yaxında olduğunu bildirib.

Vətənin dar günündə ağır müharibə meydanına girən və son döyüşədək xüsusi təyinatlı adına layiq vuruşan Fərid    Şuşa uğrunda həlledici savaşda  yanına düşən  mərminin qəlpələri onun həyatına son qoyub. Müqəddəs şəhidlik zirvəsinə ucalmaqla ürəklərin əbədi sakininə  dönən qəhrəmanımız həm də dövlət tərəfindən  ölümündən sonra “Vətən uğrunda” və Füzulinin, Şuşanın azadlığına görə   medalları ilə təltif edilib.

Bəli, şüurlu sürətdə canını  Vətənin, millətin yolunda  fəda edənlər heç vaxt unudulmur. Fəriddə belə...

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü