Vətən naminə canını fəda edib qəhrəmanlıq tariximizə adını yazan Xəyal Əhədzadə 1998-ci il avqustun 21-də Lənkəran rayonunun Nərimanabad qəsəbəsində anadan olub. Lap kiçik yaşlarından idmanın boks növünə maraq göstərib. Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi olan Xəyal boks üzrə məktəblilər arasında 40 kiloqram çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olub. Yaxşı idmançı olaraq tanınıb, sevilib.
Yaşasaydı, ömrünün 27-ci ilinə qədəm qoyardı. Cismani yoxluğu bizi mütəəssir etsə də, onun Vətən sevgisi, torpaq məhəbbəti gələn nəsillərə də örnək olacaq bir həyat məktəbidir.
Şəhid gizir Xəyal Əlövsət oğlu Əhədzadə doğum günündə adəti üzrə Lənkəran camaatı tərəfindən hörmət və ehtiramla anıldı. Məzarı müqəddəs yer kimi ziyarət olundu, üstünə gül dəstələri qoyuldu. Həmçinin bildirildi ki, Xəyal Vətən yolunda şəhidlik zirvəsinə ucalıb. Bu da hər bir insana nəsib olmayan böyük şərəf və qürurdur. Bu zirvəyə ucalanlar isə heç vaxt ölmürlər. Xəyal da əbədi olaraq milyonların ürəyində yaşayacaq.
Azərbaycan Ordusunun giziri olan Xəyal Əhədzadə 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl, Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə hər gün yeni-yeni igidliklər göstərib. Nəticə də yağıya qan qusdurub, onlarla canlı qüvvəsini, hərbi texnikasını sıradan çıxardıb. Vətən torpaqlarının azad olunacaq günədək dığalara qarşı mərdliklə vuruşub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, Cəbrayılın, Füzulinin, Şuşanın, Kəlbəcərin azadlığına görə medallarına layiq görülüb.
Xəyal Əhədzadə 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü