04 sentyabr 2025 01:26
205

Orta Dəhlizin açar nöqtəsi – Zəngəzur: Azərbaycanın güclənən geosiyasi mövqeyi

Prezident İlham Əliyev: 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb

Qırmızı dənizdə tıxanma və Rusiya-Ukrayna müharibəsinin dərinləşməsi ilə yaranan geosiyasi vəziyyət Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin dəyərli alternativ kimi seçilməsinə səbəb oldu. Orta Dəhliz Türkiyədən Qafqaza uzanan, Xəzər dənizindən keçən, Türkmənistan və Qazaxıstandan sonra Çinə çatan tarixi “İpək Yolu”nu canlandırmaq məqsədi daşıyır. Çoxlu üstünlükləri ilə Çini Avropa ilə birləşdirən bu xətt digər dəhlizlərlə müqayisədə həm Çin, həm də region ölkələri üçün geniş iqtisadi imkanlar yarada bilər. Hər il Çindən Avropaya gedən təxminən 10 milyon konteynerin 96 faizi dəniz yolu ilə daşınır. 4 faizi Şimal Dəhlizi adlandırılan Trans-Sibir dəmir yolu xətti ilə daşınır. Bu kontekstdə Orta Dəhlizin Şimal Dəhlizi ilə daha çox rəqabət apara biləcəyini söyləmək olar. Orta Dəhliz burada bəzi mühüm üstünlükləri ilə seçilir. Orta Dəhliz Avropa ilə Asiya arasında Şimal Dəhlizindən daha sürətli və 2 min kilometr daha qısadır. Bundan əlavə, Orta Dəhliz Şimal Dəhlizinə nisbətən təxminən 5 günlük üstünlüyə malikdir. Digər tərəfdən, Orta Dəhlizin daşıma müddəti dəniz yolu ilə müqayisədə 15 gün qısadır. Nəhayət, Orta Dəhliz iqlim şəraiti baxımından digər dəhlizlərdən daha əlverişlidir.

Azərbaycana gəlincə isə.. ölkəmiz Orta Dəhliz çərçivəsində çox strateji və açar ölkədir. Bu təşəbbüs çərçivəsində Azərbaycan iqtisadi əməkdaşlığını dərinləşdirməyi, şaxələndirməyi və Asiya ölkələri ilə siyasi dialoqu inkişaf etdirməyi hədəfləyir. Orta Dəhlizin reallaşması Azərbaycanın Asiyaya yanaşmasında mərkəzi rola malikdir. Bu kontekstdə 2017-ci ildə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsi Orta Dəhlizin mühüm sütunu kimi önə çıxdı. Azərbaycan 2030-cu ilə qədər Orta Dəhlizdə ticarət həcmini dəfələrlə artırmağı və daşıma müddətlərini daha da azaltmağı hədəfləyir. Bundan əlavə, Azərbaycan 2053-cü ilə qədər dəmir yolu ilə yük daşıma payını 30 faizə çatdırmağı hədəfləyir. Sözügedən nəqliyyat dəhlizində daşınan yüklərin həcmi 3 milyon tona yaxınlaşdığı halda, gələcəkdə bunun 10 milyon tona çatdırılması gözlənilir. Bu dəhliz həm də Avropaya ticarət yollarını təşkil edən “Bir Kəmər, Bir Yol” Təşəbbüsü ilə təbii sinerji yaradır.

Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması ilə Orta Dəhlizin geosiyasi əhəmiyyəti daha da artacaq. Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Orta Dəhlizdə artıq fasiləsiz dəmir yolu infrastrukturu təmin edilib. Xəzər dənizində hamar keçidlərin təmin edilməsi və Zəngəzurun cədvələ daxil edilməsi ilə fasiləsizliyin təmin edilməsi nəzərdə tutulur. Hazırda Orta Dəhliz üzərində Çinin Sian, Urumçi, Tsinhua şəhərlərindən müntəzəm dəmiryolu daşımaları həyata keçirilir. Bu çərçivədə dəniz nəqliyyatı əməkdaşlığı da əhəmiyyətlidir. 2023-cü ildə Şantun limanlar qrupu, Sindao limanı və Bakı limanı arasında qarşılıqlı əlaqə gücləndirilib ki, bu, gələcəkdə “yaşıl” və “ağıllı” limanların təşəkkülünə, dəhliz vasitəsilə yükdaşımaların artmasına təkan verəcək. Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək. Bu sözləri Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən iclasda çıxışı zamanı söyləyib. Dövlət başçısı vurğulayıb ki, Zəngəzur dəhlizi Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək. Dövlət başçısı, həmçinin vurğulayıb ki, Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Prezident, həmçinin bildirib: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək”.

Göründüyü kimi, qlobal ticarətin dəyişən paradiqması ilə Orta Dəhliz geosiyasi və iqtisadi baxımdan getdikcə əhəmiyyət kəsb edir. Azərbaycan Orta Dəhlizi həyata keçirməklə, xüsusilə Mərkəzi Asiyadakı türk dövlətləri ilə iqtisadi və siyasi inteqrasiyasını gücləndirə bilər. Təhlükəsizlik və səmərəlilik problemlərinə görə Orta Dəhlizə maraq artarkən, Asiya ilə Avropa arasında strateji körpü olan Azərbaycanın bu istiqamətdəki təşəbbüsləri diqqəti cəlb edir. Orta Dəhlizin “Bir Kəmər, Bir Yol” Təşəbbüsü ilə yaradacağı sinerji ticarət yollarını yenidən formalaşdırmaq potensialına malikdir. Orta Dəhlizlə Azərbaycan təkcə tranzit ölkə deyil, həm də regional iqtisadi inteqrasiyanın mühüm aktoru kimi geosiyasi mövqeyini gücləndirir.

Orta Dəhliz çərçivəsində irimiqyaslı infrastruktur layihələrinə beynəlxalq maliyyə qurumlarının da marağı artır. Dünya Bankı (DB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB) və digər qurumlar dəhlizin inkişafına dair layihələri dəstəkləyir. Bu, bir tərəfdən bölgəyə xarici investisiya axınını sürətləndirir, digər tərəfdən iştirakçı ölkələrin nəqliyyat və logistika imkanlarını dünya standartlarına uyğunlaşdırır. Həmçinin, Orta Dəhlizin rəqəmsallaşdırılması istiqamətində atılan addımlar da xüsusi qeyd olunmalıdır. “Bir pəncərə” prinsipinin tətbiqi, elektron sənəd dövriyyəsinin genişlənməsi və gömrük əməliyyatlarının avtomatlaşdırılması tranzit proseslərinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır. Bu, həm də korrupsiya risklərini azaldır və yükdaşımalarda şəffaflığın təmin olunmasına xidmət edir. Orta Dəhliz Rusiya üzərindən keçən Şimal marşrutundan fərqli olaraq daha dayanıqlı və şaxələndirilən tranzit imkanı təklif edir ki, bu da geosiyasi münaqişələr və sanksiyalarla bağlı risklərin azalmasına əlverişli şərait yaradır. Yalnız nəqliyyat funksiyası ilə kifayətlənməyən bu dəhliz, eyni zamanda, regional iqtisadi artım və inteqrasiyanın güclü katalizatoruna çevrilərək, infrastrukturun, sənayenin inkişafını və yeni iş yerlərinin yaradılmasını stimullaşdırır.

Xatırladaq ki, 2024-cü ildə Orta Dəhliz ilə yükdaşımaların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq. Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq.

Sevinc Azadi, “İki sahil”