05 sentyabr 2025 15:00
201

Milli Məclisin deputatı: Regionun tarixində yeni bir mərhələ başlayır

“İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar formalaşdırıb və bu reallıqlar fonunda regionda inkşaf dövrü başlayıb. Ölkəmizin istəyi regionda sülhün və inkşafın bərqərar olması, kommunikasiyaların açılmasıdır. Azərbaycanın bu istiqamətdə apardığı ardıcıl və davamlı siyasət öz nəticəsini verib”. “İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Millət vəkili qeyd edib ki, avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlər Ermənistan tərəfinin rəsmi şəkildə üzərinə ciddi öhdəlik götürməsi deməkdir: “Azərbaycan hər zaman olduğu kimi, Cənubi Qafqada sülh və əməkdaşlıq mühitinin formalaşmasına çalışır. Regionun tarixində yeni bir mərhələ başlayır. Bu proses beynəlxalq münasibətlər sistemində yeni nizamın yarandığı, çoxqütblü dünyanın formalaşdığı bir dövrə təsadüf edir. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, münaqişələrin yenidən baş qaldırmasına, yeni münaqişə ocaqlarının yaranmasına yol verilməsin. Bölgədə iqtisadi rifah və sabitlik bərqərar olsun”.

Azərbaycan Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə ölkəmizin sülh gündəliyinin təşəbbüskarı olduğunu bir daha vurğuladığını xatırladan S.Məmmədov bildirib ki, bu təşəbbüs Cənubi Qafqada yaşayan bütün xalqların maraqlarına cavab verir: “Dünyanın sürətlə dəyişdiyi bir vaxtda təhlükəsizlik məsələləri son dərəcə mühüm əhəmiyyət kəsb edir. Heç bir ölkə etibarlı təhlükəsilik arxitekturası olmadan iqtisadi və siyasi hədəflərinə çata bilməz”.  

Deputat vurğulayıb ki, Azərbaycan regional, eyni zamanda bəzi qlobal əhəmiyyətli layihələrdə aparıcı rol oynayır.  Bu, ölkəmizə beynəlxalq miqyasda olan yüksək etimadın və dəqiq hesablamalara əsaslanan strateji xəttin sayəsində mümkün olub: “Azərbaycan müharibədən yeni çıxmasına baxmayaraq, regional və beynəlxalq layihələr həyata keçirir və paralel olaraq işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa-quruculuq işləri aparır. Bütün bunlar Azərbaycan dövlətinin gücünün göstəricisi olmaqla yanaşı, uzaqgörən və düşünülmüş siyasətin nəticəsidir.”