Misirin xarici işlər naziri Bədr Əbdül Ati və ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff arasında telefon danışığı zamanı Qəzzada atəşkəsin təmin edilməsi yolları və humanitar vəziyyətin yaxşılaşdırılması üzrə tədbirlər diqqət mərkəzində olub.
“İki sahil” xəbər verir ki, bu barədə Misir XİN məlumat yayıb.
"Tərəflər amerikalı nümayəndənin təklifləri əsasında Qəzzada atəşkəsə nail olunması istiqamətində birgə səyləri nəzərdən keçiriblər. Nazir Bədr Əbdül Ati İsrailin təklif olunan sazişə müsbət cavab verməsinin vacibliyini, bunun gərginliyin azaldılması, fələstinlilərin həyatının xilas edilməsi, humanitar yardımın çatdırılması, həmçinin əsir və girovların azad edilməsi üçün önəmini vurğulayıb", - məlumatda bildirilib.
Nazir humanitar vəziyyətin son dərəcə pisləşdiyini qeyd edib və döyüş əməliyyatlarının genişlənməsi və aclıqdan silah kimi istifadə edilməsi riskləri barədə xəbərdarlıq edib. O, həmçinin Misirin bu ilin mart ayında Qahirədə keçirilən Ərəb-İslam sammitində təsdiqlənmiş plana uyğun olaraq, atəşkəs elan edildikdən dərhal sonra Qəzzanın erkən bərpası və yenidən qurulması üzrə beynəlxalq konfrans təşkil etməyə hazır olduğunu bildirib.
Bundan əlavə, tərəflər İranın nüvə proqramı ilə bağlı məsələləri müzakirə edib, danışıqların bərpası və regional sabitliyin gücləndirilməsi üçün diplomatik səylərin vacibliyini vurğulayıblar.