10 sentyabr 2025 11:12
118

ADPU-nun inkişaf yol xəritəsi: Milli təhsil ənənələrindən müasir çağırışlara

Eldar Aslanov: Ümid edirəm ki, xüsusi təqaüd proqramları, tələbələrə yönəlmiş sosial dəstək proqramları onlara öz motivasiyalarını daha yüksəkdə tutmağa kömək edəcək və tələbələrimiz öz bacarıqlarını inkişaf etdirmək üçün bu kimi imkanlardan, təşəbbüslərdən faydalanacaqlar

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ölkəmizin ali təhsil sistemində özünəməxsus yeri olan, milli təhsil ənənələrini qoruyub inkişaf etdirən və müasir çağırışlara uyğun təhsil strategiyaları həyata keçirən ali təhsil müəssisəsidir. Universitet həm kadr hazırlığı, həm elmi-tədqiqat, həm də sosial və innovasiya sahələrində aktiv fəaliyyət göstərərək, tələbələrin bacarıqlarını artırmaq və cəmiyyət qarşısındakı məsuliyyətini dərk etmək istiqamətində mühüm təşəbbüslər həyata keçirir.

Universitetin tədris işləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanovla söhbətimizdə bu strategiyalar, “ADPU 2030” Strateji İnkişaf Planı çərçivəsində həyata keçirilən islahatlar, region filiallarının inkişaf perspektivləri, rəqəmsallaşma və süni intellekt dövründə pedaqoji təhsilin çağırışları, həmçinin tələbələrin motivasiyasının artırılması ilə bağlı ətraflı müzakirələr apardıq.

-Universitetin bu gün üçün prioritet təhsil strategiyası nədən ibarətdir? Hansı istiqamətlər üzrə inkişaf nəzərdə tutulur?

-Pedaqoji Universitet cari ilin əvvəlində üçüncü nəsil strateji planını – “ADPU 2030” Strateji İnkişaf Planını qəbul etdi və plan artıq ictimaiyyətə təqdim edilib. 2025-2030-cu illəri əhatə edən və hazırlanması uzun bir prosesdən keçən bu plan institusional akkreditasiya və  digər monitorinqlərin nəticələri də nəzərə alınmaqla hazırlanmış, kənar rəylərdən keçirilmiş, hökumətin təhsil siyasətinin prioritetləri ilə uyğunlaşdırılmış siyasət sənədimizdir və bu siyasət sənədimizdə çox mühüm bir neçə istiqamət var. İstiqamətlərdən birincisi Pedaqoji Universitetin tədricən sosial və humanitar elmlər sahəsində ixtisaslaşmış ali məktəbə transformasiyasıdır. Hal-hazırda Pedaqoji Universitetdə kadr hazırlığı əsas etibarilə təhsil ixtisasları qrupuna daxil olan ixtisaslar üzrə aparılır.  Hədəf 2030-cu ilə qədər  pedaqoji kadr hazırlığının universitetin ümumi kadr hazırlığının 70 faizini əhatə etməsidir. Əlbəttə ki, Pedaqoji Universitetdə kadr hazırlığı daha çox təhsil ixtisasları qrupu üzrə aparılacaq. Bununla yanaşı əmək bazarının ehtiyacları nəzərə alınmaqla yaxın sahələr üzrə universitetdə yeni ixtisasların açılması və kadr hazırlığı aparılan sahələrə əlavə edilməsi də nəzərdə tutulur.

İkinci istiqamət universitetin tədqiqat universiteti statusuna yiyələnməsi istiqamətində aparılan işlərdir. Bununla bağlı universitet beynəlxalq istinadlı jurnallarda dərc olunan məqalələri çox olan müəllimlərin həvəsləndirilməsi üçün həyata keçirilən tədbirlərdən tutmuş, professor-müəllim heyətinin reytinq qiymətləndirilməsində elmi-tədqiqat nəticələrinin ən yüksək bal göstəriciləri ilə əks olunmasına qədər müxtəlif tədbirlər həyata keçirir. 2025-ci ilin sonuna qədər universitetimizdə yüzlərlə xarici ölkə alimlərinin də qatılacağı iki beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Bizim hazırda Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi jurnalların siyahısında olan bir neçə jurnalımız var və onlar dövri qaydada çap edilir, müntəzəm fəaliyyət göstərən dissertasiya müdafiə şuralarımız fəaliyyət göstərir. Elmi-tədqiqat istiqamətində həyata keçirilən bu fəaliyyətlər hazırkı mərhələdə çox böyük əmək və səylər tələb edir.

Magistratura səviyyəsi üzrə həm məzmun islahatları, həm də yeni ixtisaslaşmaların yaradılması istiqamətində görülən işlər bir neçə il sonra  Pedaqoji Universitetin doktorantura səviyyəsində əldə ediləcək uğurlarının təməlidir. Belə ki, Elm və Təhsil Nazirliyinin rəhbərliyi altında son magistratura təhsili səviyyəsində edilən yeniliklər sırasında, təhsil elmləri üzrə magistratura ixtisaslaşmalarının sayı 22-dən 34-ə çıxarılmış, bu, sadəcə  kəmiyyət deyil, ciddi keyfiyyət dəyişikliyi ilə xarakterizə olunmuşdur. Belə ki, yeni ixtisaslaşmalar olaraq, Təhsil texnologiyaları, Xüsusi istedadlı uşaqların təhsili, Erkən yaş dövrünün inkişafı, Məktəbəhazırlığın təşkili,  Təbiət elmlərinin tədrisi,  Təhsil siyasəti, Təhsil proqramının tərtibi və təkmilləşdirilməsi ilk dəfə olaraq təsnifata əlavə edilmiş, o cümlədən Xüsusi təhsil, Oliqofrenopedaqogika, Surdopedaqogika, Loqopediya və Tiflopedaqogika ixtisaslarının açılması da ciddi səylərin nəticəsində mümkün olmuşdur.  Bu ixtisaslaşmalar üzrə kadr hazırlığı ümumilikdə ölkəmizdə təhsil elmlərinin, nəticə etibarilə sonrakı dövrdə təhsil sahəsinin inkişafına öz müsbət təsirini göstərəcəkdir.

Həmçinin Humanitar və sosial ixtisaslar qrupu üzrə Təhsil psixologiyası, İqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə isə Təhsil menecmenti və Təhsilin iqtisadiyyatı kimi vacib ixtisaslaşmalar təsnifata daxil edilmişdir. 

Əminəm ki, bizim magistratura səviyyəsində apardığımız islahatlar nəticə etibarilə  ona gətirəcək ki, bir neçə ildən sonra bizim doktorantura səviyyəsindəki ixtisaslaşmalarımızda da reformlar ediləcək və o ixtisaslaşmalara üz tutacaq həvəsli gənc tədqiqatçılar daha artacaq.

Təbii ki, müasir dövrdə rəqəmsallaşma vacib istiqamətlərdəndir. Pedaqoji Universitet artıq elektron tədris resurslarının tətbiqini, müəllimlərin hər birinin “Moodle” kabinetinin olması zərurətini əsas çağırışlardan biri kimi qarşıya qoyub. Beynəlmiləlləşmə, təbii ki, vacib bir istiqamətdir. ADPU ölkəmizdə ikili diplom proqramlarını həyata keçirən əsas ali məktəblərdən biridir. Biz ABŞ-nin Corc Vaşinqton Universiteti ilə olan birinci beşillik müqaviləni uğurla başa çatdırdıq. 5 il müddətində 122 nəfər Corc Vaşinqton  Universiteti və Pedaqoji Universitetin məzunları oldu. Biz artıq yeni proqrama start veririk. Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidentinin imzaladığı Sərəncama uyğun olaraq Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramımız 2030-cu ilə qədər uzadıldı  və biz inanırıq ki, bu əməkdaşlıq növbəti mərhələdə də uğurla davam edəcək. Bu yalnız təhsil menecmenti magistr ixtisaslaşması üzrə yox, digər ixtisaslaşmalar üzrə də davam edəcəkdir.

Pedaqoji Universitetdə sosial həyat, cəmiyyətlə mənəvi bağlılıq və bütövlük prinsipləri çox vacibdir. Biz cəmiyyətin mühüm tərkib hissəsiyik, ondan əlahiddə  yaşaya bilmərik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 fevral 2024-cü il tarixli andiçmə mərasimindəki nitqində qeyd etdiyi kimi: “Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun”. Bunu da başlıca olaraq məktəb və orada çalışan müəllimlər təmin etməlidir. Biz məktəbə müəllim hazırlayan əsas ali təhsil müəssisəsi kimi bu vəzifənin məsuliyyətini yaşamalı və fəaliyyət göstərməliyik.

Ölkənin köklü ali məktəblərindən biri, bir təhsil məbədi kimi, milli dəyərimiz kimi Pedaqoji Universitet cəmiyyət qarşısında missiyasını dərk edir və müxtəlif sosial məsuliyyətlilik layihələri həyata keçirir. Həmçinin biz sosial məsuliyyətlilik istiqamətində işləri daha da artırmağı növbəti dövrdə də nəzərdə tuturuq və çox maraqlı, faydalı layihələr var ki, o layihələri növbəti 5 il ərzində də həyata keçirməyi düşünürük.

-Elmi tədqiqat və innovasiya baxımından universitetin qarşısında duran əsas məqsədlər nələrdir?

-Bu, texniki və spesifik sualdır. Amma qısa şəkildə, ADPU-nun elmi-tədqiqat və innovasiya baxımından qarşısında duran əsas vəzifələrdən danışarkən deyə bilərəm ki, ADPU yalnız tədris ali məktəbi deyil. Yəni universitetimizin missiyası yalnız tədris aparmaq və kadr hazırlamaqla yekunlaşmır. Pedaqoji Universitet tarixi uğurları olan, zaman-zaman ölkənin elm və təhsil həyatına tarixi töhfələr vermiş elm və təhsil məbədidir. Keçən 104 il ərzində Pedaqoji Universitet ölkəmizin elmi potensialının inkişafında, elmi-tədqiqatlar sahəsində müstəsna xidmətləri olmuş ali məktəbdir. Biz fəxrlə deyirik ki, Elmlər Akademiyasının 12 prezidentindən 4-ü (Həsən Abdullayev, Yusif Məmmədəliyev, Zahid Xəlilov və İsa Həbibbəyli) Pedaqoji Universitetin məzunudur. 

Bu gün də Pedaqoji Universitetin məzunları və müəllimləri arasında çox dəyərli alimlər var. Onlar yenə də elmi-tədqiqat sahəsində öz töhfələrini ölkəmizə və dünya elminə verirlər. Qarşıda duran əsas məqsədlərdən biri, təbii ki, təhsil elmləri sahəsində müasir tələblər kontekstində elmi-tədqiqat işlərini artırmaq, innovasiya mühitini gücləndirmək, xüsusilə təhsilin həyatda, cəmiyyətdə, şəxsiyyətin həyatında dəyişən rolunu göz önündə tutaraq bu sahədə qarşıya çıxan problemlərin elmi cavabını tapmaq üçün tədqiqatları genişləndirməkdir. Bu gün təhsildə baş verən yeniliklər, əldə olunan uğurlar, bəzən isə bizi tam qane etməyən nəticələr, eləcə də sertifikasiya və müəllimlərin işə qəbulu prosesinin daha da optimallaşdırılması ilə bağlı çağırışlar fonunda həm elmi-tədqiqatlarda, həm də təhsil sahəsində gedən prosesləri izləmək və onlara adekvat elmi cavab vermək Pedaqoji Universitetin qarşısında duran əsas vəzifələrdən biridir. Pedaqoji kadr hazırlığının mərkəzi kimi fəaliyyət göstərən universitet, eyni zamanda, pedaqoji elmlər sahəsində tədqiqat və innovasiyaların əsas mərkəzinə çevrilməyi qarşısına məqsəd qoymuşdur.

-Universitetin region filiallarının fəaliyyətində hansı yeniliklər var və onların inkişaf perspektivləri necə qiymətləndirilir?

-Pedaqoji Universitet hazırda ölkə üzrə şəbəkələşmiş yeganə ali məktəbdir. Belə ki,  onun Quba, Şamaxı, Şəki, Ağcabədi və Cəlilabadda yerləşən 5  filialı fəaliyyət göstərir. ADPU-nun övladı olan (vaxtı ilə filialı olmuş) müstəqil universitetlərimiz və onların uğurları bizi sevindirir. Biz regionlarda yerləşən bu filiallarda professor-müəllim heyətini daha da gücləndirməyə, infrastrukturu daha da təkmilləşdirməyə çalışırıq. Məqsədimiz filiallarımızda da Bakıdakından fərqi olmayan, eyni standartda, eyni keyfiyyətdə təhsil xidmətlərini təmin etməkdir. Əlbəttə, bütün bu prosesləri qısa şəkildə, bir sualın cavabı olaraq ətraflı izah etmək mümkün deyil. Oxucuların hər birini bizim filiallarımıza, oradakı vəziyyətlə tanış olmağa dəvət edirəm. Təbii ki, filiallarımızın hər biri müxtəlif inkişaf səviyyələrindədir. Bu regionun filiallara sahiblənmə duyğusu filialların tarixi inkişaf yolu, sosial faktorlar və digər amillərlə də sıx bağlıdır. Amma biz çalışırıq ki, filiallarımız tezliklə elə bir inkişaf səviyyəsinə çatsınlar ki, filial olmaq köynəyi artıq onlara dar gəlsin. Filiallarımız həmin regionun faktiki olaraq müstəqil universiteti kimi fəaliyyət göstərsinlər. Onların inkişaf perspektivinə belə baxır, arzumuz və  gözləntimiz bu yöndədir.

İnkişaf istiqamətlərindən danışarkən dediyim kimi, 30 faiz təhsilalanı qeyri-pedaqoji ixtisaslara yaymağı düşünürük. Ona görə də yerləşdiyi bölgələrin əmək bazarının ehtiyaclarını əldə rəhbər tutaraq, filiallarımızdan çox maraqlı təkliflər gəlir. Ayrı-ayrı filiallarımız həmin bölgənin ehtiyaclarını araşdırıb təhlil edərək, hansı istiqamətdə kadrlara ehtiyac olduğunu müəyyən edirlər. Müvafiq işçi qrupları yaradılır. Təyin etməyə çalışırıq ki, filiallarımızda hansı yeni müasir ixtisaslar açıla bilər ki, gələcəkdə gənclərimiz həmin ixtisaslar üzrə təhsil alsınlar və öz bölgəsində, regionunda yaşayaraq, regionun inkişafına töhfə verə bilsinlər. Biz filialların inkişaf perspektivi baxımından buna xüsusi diqqət yetiririk. Yəni, biz Pedaqoji Universitetin filialı olmaqla bərabər həmin bölgənin də əsas ali təhsil ocağıyıq. Ona görə də bölgənin sosial-iqtisadi və mədəni həyatının əsas aparıcı lokomotiv qüvvələrindən biri kimi filialların indiki inkişaf perspektivlərini müsbət qiymətləndirirəm.

-Rəqəmsallaşma və süni intellekt dövründə pedaqoji təhsilin hansı çağırışlarla üz-üzə olduğunu düşünürsünüz və universitet buna necə cavab verir?

Süni intellektlə bağlı suallara  cavab olaraq deyim ki, rəqəmsal savadlılıq və süni intellekt dövründə pedaqoji təhsil, ümumiyyətlə, təhsil ciddi çağırışlarla üz-üzədir. Xüsusilə süni intellekt dövründə biz bu texnologiyanın pedaqoji təhsildə tətbiqinin müəyyən reqlamentləşdirilməsi, tətbiq edilmə yeri və formaları, şərtləri barədə daxili qaydalarımızı hazırlamışıq. Yeni tədris ilindən etibarən biz bu qaydaları qəbul və tətbiq etməyi planlaşdırırıq. Rəqəmsallaşma isə ümumiyyətlə, Pedaqoji Universitetin inkişaf strategiyasının altı vacib istiqamətindən biridir. Rəqəmsallaşma olmazsa-olmazdır. Həm təhsil xidmətlərində, həm təhsil xidmətlərinin təşkilində, həm universitetin idarə olunmasında, həm də universitetin maliyyə, təsərrüfat, insan resursları, tədrisin ayrı-ayrı komponentləri üzrə idarəçiliyinin təşkilində rəqəmsallaşma prosesi günbəgün daha çox yer tutur. Elektron sənəd dövriyyəsindən tutmuş, tələbələrin öz imtahan nəticələrini şəxsi kabinetində görməsinə qədər bir çox sahələrdə, ali məktəb həyatının ayrı-ayrı arxitektura komponentlərində biz rəqəmsallaşmaya gedirik. Bu imkanları yaratmaq bizdən çoxlu xərc, əsaslı kapital qoyuluşu tələb edən vacib bir inkişaf istiqamətidir. Amma sistemli olaraq, addım-addım biz bu prosesi dərinləşdiririk. Keçən tədris ilindən biz rəqəmsal tədris komponentinin tam istifadəsinə başlamışıq və ümid edirəm ki, bu, yaxın gələcəkdə universitetin bütün sahələrini əhatə edəcək.

-Yeni tədris ilində tələbələrin təhsilə motivasiyasını artırmaq və onların bacarıqlarını inkişaf etdirmək məqsədilə hansı təşəbbüslər planlaşdırılır?

-Pedaqoji Universitet bu məsələyə hər il xüsusi diqqət yetirir. Biz ilk növbədə universitetə qəbul olunan tələbələr arasında sorğu keçirəcəyik. Bizim əlimizdə artıq son 6 -7 ilin qəbulu üzrə müvafiq sorğunun nəticələri var. İldən-ilə Pedaqoji Universiteti ilk 3 yerdə yazanların sayı sürətli şəkildə artmaqdadır. Rəqəmlərlə sizi yormaq istəmirəm, amma səmimi şəkildə deyim ki, bu, ölkəmizdə aparılan uğurlu və sistemli təhsil siyasətinin nəticəsində müəllim peşəsinin ildən-ilə nüfuzunun artması ilə bağlıdır. Eyni zamanda, Pedaqoji Universitetdə baş verən müsbət dəyişikliklər buna motiv yaradan əsas amillərdəndir.

Universitetimizə yeni qəbul olunacaq tələbələrə hərtərəfli dəstəyin göstərilməsi və onların adaptasiya prosesini asanlaşdırmaq bizim üçün vacib fəaliyyət istiqamətlərindəndir. İlkin olaraq biz tələbələrimiz üçün 1 həftə ərzində orientasiya (tanışlıq) görüşləri təşkil etməyi planlaşdırmışıq. Əvvəllər bu görüş bir günlə yekunlaşırdı. Düşünürük ki, ilk dərs həftəsi ərzində tələbələrimiz dərsdən sonrakı vaxtda da universitetdə olsunlar. Fakültələrimizin bununla bağlı maraqlı təklif və tədbirləri olacaq. Biz tələbələrimizin yataqxana ehtiyaclarını qarşılamaqla bağlı onlara infosessiyalar keçirəcəyik. Tələbələrimiz üçün çoxsaylı təqaüd proqramlarımız var. Tələbələrin sosial fəaliyyətlərə cəlbi və ictmai aktivliklərinin artırılmasını dəstəkləyən onlarla dərnək və maraq klublarımız mövcuddur. Tələbələrin həmin klublara, dərnəklərə cəlb olunması əhəmiyyətlidir.

Həm bakalavriat, həm magistratura səviyyəsində yeni təhsil proqramları, yeni məzmunlar yaradılıb, yeni ixtisaslar açılıb. Biz o ixtisaslar haqqında tələbələrə məlumat verəcəyik ki, onlar uzunmüddətli təhsil planları qura bilsinlər, bu fürsətlərdən faydalana bilsinlər. Təbii ki, əsas diqqət göstərilən məsələlərdən biri tələbələrimizə təhsillərini növbəti pillədə  universitetimizdə və dünyanın qabaqcıl universitetlərində davam etdirməklə bağlı şanslar barədə geniş məlumatın təqdim olunmasıdır. Ümid edirəm ki, xüsusi təqaüd proqramları, tələbələrə yönəlmiş sosial dəstək proqramları onlara öz motivasiyalarını daha yüksəkdə tutmağa kömək edəcək və tələbələrimiz öz bacarıqlarını inkişaf etdirmək üçün bu kimi imkanlardan, təşəbbüslərdən faydalanacaqlar.

Yaqut Ağaşahqızı, “İki sahil”