10 sentyabr 2025 11:08
99

Yeni standartların tətbiqi işçilərin sağlam və təhlükəsiz şəraitdə çalışmasına xidmət edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma (AZSTAND/TK21) üzrə Texniki Komitənin fəaliyyət planına əsasən, əməyin mühafizəsi üzrə qəbul olunan 18 yeni standart işçilərin sağlamlığını qorumaq və iş yerlərində təhlükələri minimuma endirmək məqsədi daşıyır. Bu standartlar nəfəs yollarını qoruyan respiratorlardan, kimyəvi maddələrə davamlı əlcəklərdən, qaynaqçıların geyimlərindən, qoruyucu dəbilqə və eynəklərdən tutmuş, zəncirli mişarla işləyənlərin xüsusi geyimlərinə və ayaqqabılarına qədər çox geniş sahəni əhatə edir. Yəni istər zavodda, istər tikintidə, istərsə də kənd təsərrüfatında hər bir işçinin təhlükəsizliyi konkret qaydalarla təmin olunur.

“İki sahil” xəbər verir ki, bu barədə DƏMX-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, əvvəllər iş yerlərində müxtəlif normativ sənədlərdən istifadə olunurdu, lakin bunlar vahid milli hüquqi baza formalaşdırmırdı. İndi isə vahid dövlət standartları paketi qəbul olunub. Bu, iş yerlərində sağlam və təhlükəsiz iş şəraitinin yaradılması baxımından mühüm addımdır. Yeni standartlar müasir yanaşmanı əks etdirir, Beynəlxalq Əmək Təşkilatının 155 nömrəli Konvensiyasının tələblərinə uyğunlaşdırılıb və nəticədə həm hüquqi, həm də praktik baxımdan şəffaflıq təmin olunur:“Yeni standartlar müxtəlif fəaliyyət sahələrini və risk qruplarını əhatə edir. Belə ki, fərdi mühafizə vasitələri üzrə 20 standart – dəbilqə, əlcək, ayaqqabı, qoruyucu eynək, xüsusi geyim və digər vasitələrin texniki tələblərini tənzimləyir. Proseduralar üzrə 41 standart – risklərin qiymətləndirilməsi, yoxlamalar və sınaq qaydalarını müəyyən edir. Texniki tələblər üzrə 19 standart – istehsalat avadanlıqlarının təhlükəsizlik göstəricilərini əhatə edir. Təlimatlar üzrə 29 standart – əmək proseslərinin təşkili və fövqəladə hallarda davranış qaydalarını göstərir. Daşınmaya aid 1 standart – yüklərin və işçilərin təhlükəsiz daşınmasını tənzimləyir. Kimyəvi maddələrə aid 1 standart – zərərli maddələrlə işləyənlər üçün xüsusi qaydaları əhatə edir”.

Vurğulanıb ki, yeni standartların tətbiqi işçilərin sağlam və təhlükəsiz şəraitdə çalışmasına, istehsalatda bədbəxt hadisələrin qarşısının alınmasına, müəssisələrin isə beynəlxalq tələblərə uyğunluğunun və rəqabət qabiliyyətinin artmasına xidmət edir:”İş yerlərində işçilərə xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsi zamanı yeni standartların tələblərinə uyğun təşkil olunması, əməyin mühafizəsi qaydalarının təkmilləşdirilməsi, qüvvədə olan normalara və beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində mühüm önəm kəsb edir”.

Eyni zamanda, diqqətə çatdırılıb ki, 2025-ci il üçün 111 standartın hazırlanması Texniki Komitənin 2025-ci ilin Fəaliyyət Planına daxil edilib, onlardan 35 standart Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi qəbul olunub:“Ümumilikdə, bu günə qədər əməyin mühafizəsi sahəsində 93 standart təsdiqlənib. 2025-ci il üçün nəzərdə tutulan plana əsasən, qalan 76 standart isə mərhələli şəkildə ilin sonuna kimi qəbul ediləcək. Əsas məqsəd odur ki, təsdiq olunmuş standartlar iş yerlərində tətbiq edilsin”.

Xatırladaq ki, sentyabrın 8-də DƏMX-in sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma (AZSTAND/TK21) üzrə Texniki Komitənin fəaliyyət planına əsasən, əməyin mühafizəsi üzrə daha 18 milli standart hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq olunub. Bu standartlar fərdi mühafizə vasitələrinin təhlükəsizlik və texniki səmərəlilik tələblərini əhatə edir.