12 sentyabr 2025 17:26
243

YAP Sumqayıt şəhər təşkilatında “Şəhid əmanəti” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında şəhid ailələrinin iştirakı ilə “Şəhid əmanəti” adlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatın sədri Ramiz Hüseynov, şəhid atası, Sumqayıt Şəhər Veteranlar Təşkilatının sədri Sovet Şükürov, Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev, şəhid Taleh Kərimovun həyat yoldaşı Nəzakət İsmayılova və digərləri iştirak ediblər.

Əvvəlcə tədbirdə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Çıxış edənlər şəhid ailələrinə göstərilən dövlət dəstəyindən bəhs edərək, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu sahədə həyata keçirdikləri ardıcıl siyasətin önəmini vurğulayıblar. Qeyd olunub ki, bu kateqoriyadan olan şəxslərə diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir, Yeni Azərbaycan Partiyası da bu sahədə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatın sədri Ramiz Hüseynov çıxışında bildirib ki, şəhid ailələri ilə keçirilən görüşlər yalnız sosial dəstək xarakteri daşımır, eyni zamanda cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmlənməsinə xidmət edir. O, şəhid övladlarının təhsil imkanlarının genişləndirilməsi faktorunun partiyanın daim diqqət mərkəzində olduğunu qeyd edib.

Tədbir çərçivəsində şəhid övladlarına yeni dərs ilinin başlanması münasibətilə müxtəlif məktəb ləvazimatları təqdim olunub. Uşaqların sevincinə səbəb olan bu təşəbbüs onların təhsilə daha həvəslə başlamasına stimul verib.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.