BMT Baş Assambleyanın 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Cənubi Koreya Prezidenti İ Ce Myunq BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.
“İki sahil” Cənubi Koreya mediasına istinadla xəbər verir ki, Prezident İ Ce Myunq Şimali Koreyanın dialoq yolu ilə nüvəsizləşdirilməsinə nail olmaq üçün Cənubi Koreyanın təşəbbüslərinə BMT-dən dəstək istəyib. Cənubi Koreya lideri Koreya yarımadasında qarşıdurmaya son qoymaq və yeni sülh dövrünü açmaq üçün mübadilə, normallaşma və nüvəsizləşdirmə mərkəzli dialoq təşəbbüsünü təqdim edib.
"Prezident Koreya yarımadasında sülhün və təhlükəsizliyin birbaşa qlobal sülh və təhlükəsizliklə bağlı olduğunu bildirib, münaqişə və qarşıdurmadan dialoqa və əməkdaşlığa doğru irəliləməkdə BMT-dən dəstək istəyib", - deyə Prezidentin ofisinin açıqlamasında deyilir.
Ofisdən verilən məlumata görə, BMT Baş katibi Antonio Quterreş Prezident İ Ce Myunq administrasiyasının Şimali Koreya siyasətini müdrik yanaşma kimi qiymətləndirib və BMT-nin fəal dəstəyinə söz verib, eyni zamanda, Seul ilə əməkdaşlığı gücləndirməyə davam edəcəyini deyib.
Danışıqlar zamanı Cənubi Koreya lideri İ Ce Myunq Antonio Quterreşin BMT-nin islahat gündəminə dəstəyini ifadə edib, Cənubi Koreyanın təşkilatın daha səmərəli quruma çevrilməsinə kömək etmək üçün üzərinə düşəni edəcəyinə söz verib. O, həmçinin yardım alan dövlətdən donor ölkəyə çevrilən Cənubi Koreyanın BMT-nin dəstəyi ilə qlobal problemlərin həllində daha da böyük rol oynayacağını bildirib.