Sakit okeanda ilin 18-ci və ən güclü tayfunu olan “Raqasa” Çinin cənub sahillərinə güclü külək və yağıntı gətirib.
“İki sahil” xəbər verir ki, Tayfun yerli vaxtla sata 17:00 (Bakı vaxtı ilə 13:00) radələrində Quandon əyalətinin Haylin adasına çatıb. Küləyin sürəti saniyədə 40 metrə çatır. Sakinlərin məlumatına görə külək ağacları, metal hasarları aşırıb.
Fövqəladə halların idarəedilməsi departmaneti Tayfun yaxınlaşanədək əyalətdən 1,89 milyon nəfəri təxliyə edib. Onlar müvəqqəti məntəqlərdə, o cümlədən çadırlarda yerləşdirilib.
Meteoroloqlar “Raqasa”nın saatda 20 kilomert sürətlə qərbə doğru hərəkət edəcəyini və gücünün getdikcə azalacağını proqnozlaşdırıb.
Qeyd edək ki, sentyabrın 21-də yaranan “Raqasa” əvvəlcə Filippində dağıntı və tələfata səbəb olub. Ötən gün isə Çinin Tayvan adasına çatan tayfunun gətirdiyi güclü külək və yağıntı tikililərə, yollara, körpülərə, kommunikasiya xətlərinə, infrastruktura, avtomobillərə ziyan vurub. Nəticədə 14 nəfər ölüb, 124 nəfər itkin düşüb. Honkonqda isə 60 nəfər xəsarət alıb. Çində qabaqlayıcı tədbirlər kimi 80 mindən çox balıqçı qayığı limanlara toplanıb, açıq dənizdən 12 mindən çox işçi sahilə çağırılıb. Əyalətin 11 şəhərində tədris, istehsal, tikinti, digər iş fəaliyyətləri, ictimai nəqliyyatın, şəhərlərarası qatarların hərəkəti dayandırılıb, 700-dən çox uçuş ləğv edilib.