26 sentyabr 2025 17:04
109

Britaniyada sorğu: Naycel Faraj növbəti Baş nazir ola bilər

“Reform UK” Partiyasının lideri Naycel Faraj Böyük Britaniyanın növbəti Baş naziri ola bilər.

“İki sahil” “Sky News”a istinadla xəbər verir ki, bu barədə “YouGov” şirkətinin apardığı son sorğunun nəticələri göstərir. On üç min nəfərin qatıldığı sorğuya əsasən, sabah seçki keçirilsə, parlamentdə heç bir partiya tam çoxluq əldə etməyəcək. Lakin “Reform UK” 650 yerdən 311 mandat qazanaraq ən böyük fraksiya kimi çıxış edəcək. Bu rəqəm 326 mandatlıq rəsmi çoxluq həddindən az olsa da, real olaraq Naycel Farajdan başqa heç kimin baş nazirliyi təmin edəcək qədər dəstək toplaması mümkün görünmür.

Proqnozlara görə, növbəti seçkilərdə “Reform UK” 311 yer, Leyboristlər 144 yer, Mühafizəkarlar 45 yer qazana bilər.

Şimali İrlandiya dairələri hesablama xaricində saxlanılıb. Cəmi bir il əvvəl K.Starmer böyük səs çoxluğu ilə hakimiyyətə gəlsə də, bu nəticə ilə Leyboristlər 411 yerdən təxminən üçdə-ikisini itirərək, 1931-ci ildən bəri ən zəif nəticəni əldə edə bilərlər.