27 sentyabr 2025 16:09
90

Hulusi Kılıç: 44 günlük müharibənin hər günü Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılıb

27 sentyabr həm də qürur günü, Azərbaycanın birliyi və toxunulmazlığı rəmzidir. Biz öz Vətənlərinin ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşmüş minlərlə qəhrəmanı unutmayacağıq və unudulmasına da imkan verməyəcəyik.

“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Türkiyənin Azərbaycandakı keçmiş səfiri, Türkiyədə “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin nümayəndəsi Hulusi Kılıç deyib.

“44 günlük müharibənin hər günü Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılıb. Sentyabrın 27-si tarixi ədaləti bərpa edən, Azərbaycanın qüdrətini dünyaya nümayiş etdirən Zəfərə aparan yolda ilk gün oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən xalq uzun müddət davam edən erməni işğalına son qoyuldu”, - deyə agentliyin həmsöhbəti Azərbaycanın BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini müstəqil şəkildə yerinə yetirdiyini vurğulayıb. Onun sözlərinə görə, 27 sentyabr 2020-ci il tarixi həm də ATƏT-in Minsk qrupunun uğursuz fəaliyyətinin sonunun başlanğıcı oldu.

“Azərbaycan anaları rəşadəti ilə regionun tarixində yeni səhifə açmış şəhidlərlə haqlı olaraq fəxr edirlər”, - deyə “İMZA” nümayəndəsi Vətən müharibəsinin hər gününün məktəb dərsliklərində öz əksini tapmalı olduğuna əminliyini ifadə edib. Keçmiş səfir Azərbaycan şəhidlərinin xatirəsini ehtiramla yad edib, qazilərə minnətdarlığını bildirib.

“Anım Günündə mən Türk dünyasının ortaq nailiyyəti olan Vətən Müharibəsində Zəfər qürururuna görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Azərbaycan Silahlı Qüvvələrinə, bütün Azərbaycan xalqına minnətdarlığımı bildirmək istərdim”, - deyə keçmiş səfir bildirib.

H.Kılıç 44 günlük Vətən Müharibəsi günləri Türkiyənin Azərbaycana göstərdiyi siyasi, diplomatik, mənəvi və informasiya dəstəyini xatırladıb.