27 sentyabr 2025 16:29
94

Bərdədə Şəhidlər xiyabanı və terror qurbanlarının xatirə lövhəsi ziyarət olunub

27 Sentyabr - Anım Günü ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Bərdədə də Vətən uğrunda canlarını qəhrəmancasına fəda etmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunub. Anım tədbirində Bərdə Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

“İki sahil” xəbər verir ki, əvvəlcə Vətən müharibəsi dövründə Ermənistan ordusu tərəfindən Bərdə rayonunun raket atəşinə tutulması nəticəsində həlak olmuş mülki şəxslərin xatirə lövhəsinin önünə tər güllər düzülüb. Sonra Şəhidlər xiyabanında uyuyan şəhidlərin məzarları ziyarət olunub.

Şəhidlər xiyabanında keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev bildirib ki, Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı azad etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tariximizə qızıl hərflərlə yeni zəfər səhifəsi yazdı. Bu gün tariximizin ən şərəfli günlərini yaşayan respublikamız dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır.

Milli Məclisin deputatı Fatma Yıldırım çıxışında Vətən müharibəsində iştirak etmiş qəhrəman oğullarımızın nümayiş etdirdikləri misilsiz rəşadətin xalqımızı qürurlandırdığını, onların döyüş yolunun, şücaətinin, fədakarlığının gələcək nəsillərə həmişə örnək olacağını bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.

Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.