Sentybarın 25-də ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini bir daha beynəlxaq ictimaiyyətin diqqətinə çatdırdı. Öləmizin 30 il ərzində Ermənistanın işğalçılıq siyasəti ilə üz-üzə qaldğını, bir milyondan artıq azərbaycanlının öz yurd-yuvasından didərgin salındığını, şəhər və kəndlərimizin yerlə yeksan edildiyini xatırladan ölkə başçısı xalqımızın işğalla barışmadığını qeyd etdi. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə bərabər həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını da öz gücünə yerinə yetirmiş oldu. Halbu ki, məlum qətnamələr 30 ildən çox müddətdə kağız üzərində qalırdı. Prezident İlham Əliyev 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupunun da öz missiyasını yerinə yetirə bilmədiyini vurğuladı. Minsk qrupu sadəcə status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışırdı. Azərbaycanın yaratdığı yeni reallıqlardan sonra artıq ATƏT-in Minsk qrupu da tarixin arxivinə qovuşmuşdur.
Azərbaycan hər zaman sülh və əməkdaşlıq tərəfdarı olub. Ölkəmiz Vətən müharibəsində qalib tərəf olmasına rəğmən Ermənistana sülh müqaviləsinin imzalanması təklifini irəli sürdü. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı onu da qeyd etdi ki, bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı.
Artıq Azərbaycan qalib dövlət olaraq regional və beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı, eləcə də iştirakçısı kimi mühüm əhəmiyyətə malikdir. Ölkə başçısı BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında bu mövzuda da geniş məlumat verdi. Ölkəmiz bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Azərbaycan hazırda 14 ölkəyə təbii qaz ixrac edir. Bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur. Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək.
Prezident İlham Əliyev çıxışında Azərbaycan ərazisindən keçən bağlantı layihələri və tranzit imkanları haqqında da danışdı. Ölkə başçısı bildirdi ki, Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib.
Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatının İdeoloji işlər üzrə məsləhətçisi