Estoniyada hazırlanan yeni dil qanunu layihəsində dövlət dilini lazımi səviyyədə bilməyən şəxslərə qarşı daha sərt cəzalar və cərimələr nəzərdə tutulur. İndiyə qədər cərimələr yalnız dövlət dilini bilməyən bəzi insanlara təsir edirdi, çünki məbləğlər onilliklər ərzində dəyişməz qalmışdı, orta əməkhaqqı isə dörd dəfə artmışdı.
“İki sahil” “ERR” dövlət televiziyasına istinadla xəbər verir ki, “Dil haqqında” qanunda dövlət dilini lazımi səviyyədə bilməyən hər kəsə cərimə tətbiq oluna biləcəyi qeyd olunub. Cərimənin məbləği Estoniya kronu tətbiq edilən zaman müəyyən edilib və eyni cərimə eston dilində danışan, lakin bu dili yaxşı bilməyən satıcılara, eləcə də eston dilini bilməyi vacib hesab etməyən mağazalar şəbəkəsinə şamil oluna bilər.
“Dil haqqında” qanun layihəsinin əsas məqsədi dilin tələblərinə əməl olunmasına nəzarəti gücləndirməkdir və cərimələrin artırılması da məhz buna yönəlib. Cərimələr dəfələrlə artacaq. Gözlənilir ki, sərt icra tədbirləri insanları eston dilində danışmaq üçün daha çox səy göstərməyə sövq edəcək”, - deyə Təhsil Nazirliyinin dillər üzrə siyasət Departamentinin müşaviri Kyatlin Kıverik bildirib.
Fiziki şəxslər üçün cərimə indiki 640 avrodan 1280 avroya, şirkətlər üçün isə 9600 avroya qaldırılacaq.