Ermənistan bu yeraltı terror vasitəsindən yalnız hərbi məqsədlə deyil, həm də siyasi manipulyasiya və təzyiq aləti kimi istifadə edir
Azərbaycanın müasir dövrdə üzləşdiyi ən ağır və davamlı problemlərdən biri mina təhlükəsidir. Bu təhlükə təkcə müharibənin mirası kimi qəbul edilə bilməz. Çünki o, bu gün də insan həyatına, sosial-iqtisadi inkişaf proseslərinə, regional sabitliyə və beynəlxalq təhlükəsizliyə yönəlmiş real təhdiddir. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında mina problemini beynəlxalq gündəliyə çıxarması əslində təkcə Azərbaycan dövlətinin deyil, bütövlükdə regionun gələcəyi naminə atılmış strateji addım idi. Bu addım göstərir ki, Azərbaycan məsələyə dar milli çərçivədə yanaşmır, əksinə, onun regional və qlobal təhlükəsizliklə bağlı tərəflərini ön plana çəkir.
Minalar mahiyyətcə yalnız ərazilərə səpələnmiş partlayıcı qurğular deyil. Onlar, eyni zamanda, sülhə, əməkdaşlığa, insanların dinc həyatına qarşı yönəlmiş terror vasitəsidir. Çünki hər bir mina insanların doğma torpaqlarına qayıdışını gecikdirir, kəndlərin və şəhərlərin bərpasını çətinləşdirir, əkin-biçin və təsərrüfat fəaliyyətlərini mümkünsüz edir. Azərbaycan bu faciəni 30 illik işğaldan sonra azad edilmiş torpaqlarında kəskin şəkildə yaşayır. Ölkəmizin beynəlxalq ictimaiyyətə ünvanladığı tələb isə olduqca aydındır və həm də humanist dəyərlərə əsaslanır: insan həyatı hər şeydən üstündür.
Əgər insanların təhlükəsizliyi təmin edilmirsə, onlar öz evlərinə, kəndlərinə, doğma yurdlarına dönərkən həyatlarını itirirlərsə, əgər uşaqlar valideynsiz qalır, ailələr dağılırsa – bu, artıq təkcə lokal problem deyil, bütöv bəşəriyyətin vicdanına ünvanlanmış çağırışdır. Azərbaycan beynəlxalq aləmdən sadəcə təəssüf ifadələri yox, real dəstək və həmrəylik gözləyir. Bu həmrəyliyin ən mühüm formalarından biri minalara qarşı mübarizənin beynəlxalq hüquqi, siyasi və humanitar müstəviyə daşınmasıdır.
Ermənistanın bu sahədə davranışı isə açıq şəkildə destruktivdir. İrəvan bu günə qədər minalanmış ərazilərin tam xəritəsini təqdim etməkdən imtina edir və ya təqdim etdiyi sənədlər etibarsız, natamam olur. Bu faktın özü göstərir ki, Ermənistan minalardan yalnız hərbi məqsədlə deyil, həm də siyasi manipulyasiya və təzyiq aləti kimi istifadə edir. Bu yanaşma isə beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Çünki 1949-cu il Cenevrə Konvensiyalarına və onların əlavə protokollarına əsasən, silahlı münaqişələrdə mülki əhalinin həyatı və təhlükəsizliyi qorunmalıdır. Ermənistan isə məsuliyyətdən yayınaraq təkcə Azərbaycan vətəndaşlarının həyatına qəsd etmir, eyni zamanda, regionda sabitlik və davamlı sülhün bərqərar olunmasına mane olur.
"DİM 18" – minasız dünyanın çağırışı
Azərbaycanın mina problemini beynəlxalq gündəliyə çıxarmaq istiqamətində atdığı ən mühüm təşəbbüslərdən biri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə yeni bir hədəf – “DİM 18”in əlavə olunması ilə bağlı təklifdir. Bu təşəbbüs mahiyyətcə göstərir ki, mina təmizləmə məsələsi təkcə texniki yox, həm də humanitar və strateji xarakter daşıyır. “DİM 18” təşəbbüsü mina təmizləmənin sülh, təhlükəsizlik və davamlı inkişafın ayrılmaz tərkib hissəsi olduğunu beynəlxalq miqyasda təsdiqləməyi hədəfləyir. Bu, Azərbaycanın qlobal liderlik təşəbbüslərindən biridir və faktiki olaraq, bütün dünyanı mina probleminə qarşı həmrəy mübarizəyə səsləyir.
Ölkədə bu istiqamətdə həyata keçirilən praktiki tədbirlər də kifayət qədər miqyaslıdır. Azərbyacan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) rəsmi məlumatlarına görə, son 4 il ərzində yəni, 2021–2024-cü illərdə 179 min 186 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib. Bu müddət ərzində 18 min 411 tank əleyhinə, 29 min 250 piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Bu rəqəmlər əslində həm faciənin miqyasını göstərir, həm də Azərbaycanın hansı əzmlə və resursla bu prosesə yanaşdığını nümayiş etdirir.
Politoloq Maksimillian Van Lanqe: Minalardan ən çox Azərbaycan zərər çəkir
Bu gün mina probleminin yalnız milli səviyyədə deyil, həm də beynəlxalq kontekstdə şərh olunması vacibdir. Məhz bu məqamda beynəlxalq politoloq Maksimillian Van Lanqenin “Commonspace” nəşrində dərc etdiyi məqalə diqqətəlayiqdir. O, qeyd edir ki, Cənubi Qafqazda mina böhranını görməzdən gəlmək və onu keçmişin problemi hesab etmək beynəlxalq ictimaiyyət üçün yolverilməzdir. Politoloqun fikrincə, Bakı ilə İrəvan arasında sülhə doğru müəyyən irəliləyişlər olsa da, mina problemi hələ də region üçün ciddi təhlükə mənbəyi olaraq qalır.
Van Lanqe xüsusi vurğulayır ki, Cənubi Qafqaz bütövlükdə mina təhlükəsinə həssas bölgədir, amma ən çox zərər çəkən tərəf Azərbaycandır. Çünki ölkə ərazisinin 13 faizindən çoxu – təxminən 11 667 kvadrat kilometr, əsasən də Qarabağ və Şərqi Zəngəzur bölgələri minalarla çirklənmiş vəziyyətdədir. Bu, yalnız statistik göstərici deyil, hər gün insan talelərini alt-üst edən reallıqdır. 2020-ci ildən bu yana minaların qurbanı olanların sayı 399 nəfərə çatıb, son 30 ilin ümumi qurbanları isə 3 min 400 nəfəri ötüb. Bu rəqəmlər göstərir ki, mina problemi təkcə müharibənin acı xatirəsi deyil, bu gün də canlı təhlükə olaraq qalır.
ANAMA və digər qurumların səyləri nəticəsində indiyədək 200 min hektardan çox ərazi təmizlənsə də, hələ də böyük sahələr əlçatmaz qalır. Bu reallıq isə təqribən 800 min köçkünün öz evlərinə geri dönüşünü ləngidir, həmçinin regionun iqtisadi potensialını zəiflədir. Dünya Bankının hesablamalarına görə, minaların yaratdığı çirklənmə regiona hər il 500 milyon dollardan çox iqtisadi itki gətirir. Deməli, mina problemi yalnız humanitar yox, həm də ciddi iqtisadi məzmun daşıyır.
Van Lanqenin məqaləsində diqqətəlayiq bir təklif də irəli sürülür. Regionda “minasız zonalar" yaradılmalıdır. Onun fikrincə, bu addım tərəflər arasında etimadın gücləndirilməsinə mühüm töhfə ola bilər. Əslində, bu yanaşma sülh quruculuğunun praktiki mexanizmlərindən biri kimi dəyərləndirilə bilər. Çünki münaqişədən sonrakı dövrdə etimadın bərpası yalnız siyasi bəyanatlarla mümkün olmur, real və praktiki addımlar tələb edir. “Minasız zonalar” həm humanitar təhlükəsizliyi təmin edər, həm də iqtisadi canlanmaya şərait yaradar.
Azərbaycan tərəfi artıq real addımlarla bu istiqamətdə irəliləyir. Ölkəmiz həm milli resursları səfərbər edir, həm də beynəlxalq əməkdaşlığa açıqdır. Hazırda BMT, Avropa İttifaqı, Türkiyə, Böyük Britaniya, ABŞ, İsrail və digər tərəfdaş ölkələrin dəstəyi ilə minatəmizləmə əməliyyatları genişlənir. Bu, bir tərəfdən praktiki nəticə verir, digər tərəfdən isə beynəlxalq həmrəyliyin nümunəsinə çevrilir.
Dünya birliyi üçün sınaq – insan həyatı ən ali dəyərdir
Mina təhlükəsi məsələsi əslində Cənubi Qafqazda davamlı sülhün və sabitliyin açar mövzularından biridir. Ermənistan mina xəritələrini təqdim etmədiyi və məsuliyyətdən yayınmağa davam etdiyi müddətdə sülhün real perspektivləri sual altında qalır. Azərbaycan isə bu mövzunu beynəlxalq gündəliyin mərkəzinə gətirməklə həm öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çalışır, həm də regionun gələcəyi üçün strateji məsuliyyət ortaya qoyur.
Nəticə etibarilə mina problemi artıq təkcə Azərbaycan-Ermənistan münaqişəsinin mirası deyil, beynəlxalq ictimaiyyətin sınağıdır. Bu sınaqdan keçmək üçün isə dünya birliyi ikili standartlardan əl çəkməli, insan həyatını ən ali dəyər kimi qəbul etməli və Azərbaycanın ədalətli çağırışına dəstək verməlidir.
Nigar Orucova, “İki sahil”