NATO Yunanıstandan Ukraynaya hərbi dəstəyini artırmağı, əsasən də “Mirage” qırıcı təyyarələrini Kiyevə verməsini tələb edir.
“İki sahil” “Katimerini” qəzetinin məlumatına istinadən xəbər verir ki, Yunanıstanın NATO-dakı müttəfiqləri və tərəfdaşları Kiyevə dəstəyini gücləndirməsi üçün Afinaya təzyiqləri artırır.
ABŞ, Fransa və NATO-nun şərq cinahı ölkələri Yunanıstandan 24 ədəd “Mirage 2000-5” qırıcı təyyarəsindən bir neçəsini vasitəçi ölkələrə satmasını istəyir. Bu təyyarələr daha sonra Ukraynaya verilməlidir. Potensial vasitəçilər kimi ABŞ, Almaniya, Çexiya və ya Estoniya çıxış edə bilər. Qırıcılar Fransa istehsalı olduğundan Afina hazırda bu mövzunu Parislə fəal müzakirə edir.
Yunanıstan gələcəkdə əlavə olaraq 6-12 ədəd “Rafale” qırıcısı almağı planlaşdırır və “Mirage 2000-5” təyyarələrinin satışı Afina üçün yeni qırıcıların dəyərini azalda bilər.
Lakin nəşr qeyd edir ki, “Mirage” təyyarələrinin Ukraynaya satılması ehtimalı Afinada neqativ qarşılanıb. Yunanıstan həmin qırıcıdakı yüksək texnoloji sistemlərin Rusiya əleyhinə istifadə olunacağından narahatdır.