İngiltərənin baş naziri Kir Starmer naməlum şəxsin Mançester sinaqoqunun qarşısında insanlara hücumundan sonra Kopenhagendə Aİ nümayəndələri ilə görüşü erkən tərk etmək qərarına gəlib.
“İki sahil” "Sky News"a istinadla xəbər verir ki, Starmer insidentlə bağlı fövqəladə kabinet iclası keçirəcək.
Starmer jurnalistlərə deyib ki, Mançesterdə baş verənlərdən şoka düşüb. O, X sosial media platformasında yazıb: “Bunun yəhudi təqvimində müqəddəs gün sayılan Yom Kippurda baş verməsi onu daha da dəhşətli edir”.
Naməlum hücumçu yerli vaxtla səhər saat 9:30-da Mançesterətrafı Krumpsallda sinaqoqun qarşısında insanlara hücum edib. O, avtomobilini izdihamın üzərinə sürüb, daha sonra bıçaqla yoldan keçənlərə hücum edib. Dörd nəfər yaralanıb. Polis hücum edən şəxsə atəş açıb.
“The Guardian” yazır ki, Böyük Britaniya hakimiyyəti insidenti terror hücumu kimi qiymətləndirir.