Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, Leninqrad vilayətində 40-dan çox insan tərkibində metil spirti olan saxta spirtli içki qəbul edərək ölüb.
“İki sahil” xəbər verir ki, saxta spirt tərkibli məhsullardan kütləvi zəhərlənmə nəticəsində ölənlərin sayı artaraq 41 nəfərə çatıb.
Saxta alkoqol məhsulları bölgənin Slantsevsk və Volosovsk rayonlarında satılıb. Təhlükəli spirtli içkilərin istehsalı və satışı ilə bağlı başlanmış cinayət işi üzrə 14 nəfər həbs edilib.
Müstəntiqlərin fikrincə, təqsirləndirilən şəxslər Leninqrad vilayətinin Tosnensk rayonunun Trubnikov Bor qəsəbəsindəki müvəqqəti saxlama anbarından qanunsuz olaraq tərkibində metil spirti olan məhsulları alıb və bütün bölgəyə paylayıblar. Nəticədə kütləvi zəhərlənmə halları baş verib.
İstintaqın gedişinə Leninqrad vilayəti prokurorluğu nəzarət edir.