03 oktyabr 2025 15:42
83

Baş nazir: Radikal müxalifət zorakı yolla dəyişiklik istəsə, dövlətdən adekvat cavab alacaq

Əgər radikal müxalifət konstitusiya quruluşunun devrilməsini və ya onun zorakılıqla dəyişdirilməsini elan etsə, dövlətdən müvafiq cavab alacaq.

“İki sahil” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün hökumət administrasiyasında keçirdiyi brifinqdə deyib. İ.Kobaxidze mitinqi ictimai deyil, müxalif fikirli bir qrup insanın etirazı kimi qiymətləndirib: “Bəzən 50, bəzən 100, bəzən maksimum 150 nəfər toplaşır. Bir-iki dəfə sayı 300-ə çatdı. Bu, ictimai etiraz deyil. Amma sabah 100 min soydaşımızın çıxıb “Gürcü Arzusu”nu dəstəklədiyini görəcəksiniz. Bu, cəmiyyətin iradəsi deyil. Cəmiyyətin iradəsi seçkilərdə ifadə olunur”, – deyə vurğulayıb.

Baş nazir deyib: “Dinc inqilaba gəlincə, bu, oksimoron və ya mahiyyətcə cəfəngiyyatdır. Təbiətdə dinc inqilab yoxdur. İnqilab və hakimiyyət dəyişikliyi yalnız zorakılıqla mümkündür”.