04 oktyabr 2025 00:36
89

Qeyri-neft-qaz sektoru: İqtisadiyyatın əsas hərəkətverici qüvvəsi

Azərbaycanda istehsal olunan məhsul və xidmətlərin rəqabət qabiliyyətinin artması nəticəsində qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda (ÜDM) payı 70 faizə çatacaq

Ölkə iqtisadiyyatında aparılan davamlı və məqsədyönlü islahatlar qeyri-neft-qaz sektorunun inkişafını prioritet istiqamətə çevirib. Neft gəlirlərindən asılılığın azaldılması, dayanıqlı, rəqabətqabiliyyətli və çevik iqtisadi sistemin formalaşdırılması məqsədilə həyata keçirilən islahatlar artıq real nəticələrini verməkdədir. 2025-ci ilin birinci yarısı üzrə makroiqtisadi göstəricilər qeyri-neft sektorunun ümumi iqtisadiyyatda payının artmaqda olduğunu və şaxələndirilmiş iqtisadi siyasətin uğurla reallaşdırıldığını bir daha təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyun aylarında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyərin 3,1 faiz azalması, əvəzində qeyri-neft-qaz sektorunda 3,9 faiz artımın qeydə alınması büdcə gəlirlərindəki ənənəvi balansın dəyişdiyini göstərir. Bu isə ölkənin iqtisadi dayanıqlığının möhkəmləndirilməsi, büdcənin tərtibatında neft-qaz qiymətlərindən asılılığın azaldılması baxımından strateji əhəmiyyət daşıyır. Qeyri-neft sektorunda istehsal və xidmət sahələrinin dinamik inkişafı, yeni müəssisələrin istifadəyə verilməsi, regionlarda iqtisadi fəallığın artımı bu prosesdə vacib rol oynayıb. Qeyd olunan dövrdə əhalinin hər nəfərinə düşən ÜDM-in 6066,1 manata çatması həm makroiqtisadi sabitliyin, həm də iqtisadi artımın insanların həyat keyfiyyətinə təsirinin göstəricisidir. Qeyri-neft-qaz sektorunda əlavə dəyərin artımı deməyə əsas verir ki, hökumətin iqtisadi şaxələndirmə siyasəti, yerli istehsalın təşviqi, qeyri-neft ixracatçılarının dəstəklənməsi, investisiya mühitinin yaxşılaşdırılması tədbirləri praktik nəticələrini verir. Dövlətin inkişafına dəstək verdiyi kənd təsərrüfatı, emal sənayesi, sənaye, tikinti, nəqliyyat, turizm, rabitə və informasiya texnologiyaları sektorları dinamik artımın əsas lokomotivi kimi çıxış edir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda bildirib ki, bu il Azərbaycanda qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda payı 70 faizə çatacaq. Xatırladaq ki, ötən il Azərbaycanda 126 milyard 337 milyon manatlıq ÜDM istehsal olunub. Bunun 67,85 faizi və yaxud 85 milyard 712,4 milyon manatlıq hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb, M.Cabbarovun fikrincə, Azərbaycanda istehsal olunan məhsul və xidmətlərın rəqabət qabiliyyəti getdikcə artacaq: "İqtisadiyyatın əsas hərəkətverici qüvvəsi qeyri-neft-qaz sektorudur. 2021–2024-cü illərdə bu sahə orta hesabla 6,7 faiz artım nümayiş etdirib. Bu, yaxşı göstəricidir, lakin biz həmişə daha yüksək templərin axtarışındayıq”.

Şübhəsiz, hər bir ölkənin strateji valyuta ehtiyatları onun iqtisadi və maliyyə təhlükəsizliyinə etibarlı təminat yaradır, makroiqtisadi sabitliyin qorunub saxlanılmasında, qeyri-neft sektorunun inkişafında, sərmayə qoyuluşlarının həcminin artmasında mühüm rol oynayır. Cari il ərzində Azərbaycanın strateji valyuta ehtiyatlarının 9,4 faiz artaraq 77,7 milyard dollara yüksəlməsi hökumətə iqtisadi inkişafın stimullaşdırılmasına xidmət edən tədbirləri inamla davam etdirmək, makroiqtisadi sabitliyi təmin etmək, inflyasiyanı cilovlamaq imkanı yaradıb. Bu ehtiyatlar qlobal gərginliklər fonunda həm də maliyyə təhlükəsizliyi çətiri rolunu oynayır. Bir sıra region ölkələrindəki məzənnə tərəddüdləri fonunda manat sabit valyuta olaraq qalır və dəyərini qoruyur.

Ümumilikdə, son 15 ildə gömrük və ticarət sahəsində sadələşdirilmiş prosedurların – “Bir pəncərə”, “Yaşıl dəhliz” və digər çevik sistemlərin tətbiqi beynəlxalq ticarət əməliyyatlarının operativliyini artırıb, qeyri-neft məhsullarının ixrac imkanlarını genişləndirib. Bu sistemlər sayəsində sahibkarların maliyyə və inzibati yükü azalıb, ixracatçılar üçün rəqabətqabiliyyətli mühit formalaşıb. Bütün bunlarla yanaşı, qeyri-neft qaz sektorunun ÜDM-də payının artımına sahibkarlığın təşviqi, özəl sektorun fəaliyyətinin stimullaşdırılması siyasəti də ciddi təkan verir. Dövlət tərəfindən həyata keçirilən biznesə dəstək mexanizmləri, vergi güzəştləri, Sahibkarlığa Yardım Fondunun xəttilə ayrılan güzəştli kreditlər, xarici sərmayələrin qorunmasına verilən təminatlar, ixracın təşviqi sənədləri, logistik infrastrukturun təkmilləşdirilməsi özəl sektorun sürətli inkişafı üçün münbit zəmin formalaşdırıb. “ASAN xidmət”, “DOST” və digər platformalar vasitəsilə bürokratik əngəllərin aradan qaldırılması, şəffaflığın təmini də qeyri-neft-qaz sektorunun inkişafına əlavə stimul verir. Elektron platformaların inkişafı sahibkarların dövlət qurumları ilə münasibətlərində problemlərin aradan qaldırılması, xidmətlərə çıxışın sürətlənməsi, vətəndaş məmnunluğunun artırılması baxımından da əhəmiyyətlidir. Xüsusi vurğulamaq lazımdır ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə daxil edilməsi, burada yaradılan sənaye zonaları, “ağıllı kənd” və “yaşıl enerji” layihələri qeyri-neft sektorunun inkişaf tempinə müsbət təsirini göstərir. Həmin ərazilərə müasir infrastrukturun yaradılması, yerli potensialdan səmərəli istifadə olunması qeyri-neft sektorunun inkişafını daha da sürətləndirir.

Sevinc Azadi, “İki sahil”