Bank kartlarından kiber oğurluq hallarının sayı ümumilikdə kəskin azalsa da, son günlər vətəndaşların bank kartlarına kiber müdaxilə halları yenidən müşahidə olunur. Vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, xarici nömrələrdən bank əməkdaşı adı ilə daxil olan saxta zənglər və mesajlar kart sahiblərini aldadaraq maliyyə məlumatlarını ələ keçirmə cəhdləridir.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DIN) mətbuat xidmətindən məlumat veriblər.
Nazirliyin çağırışında heç vaxt bank kartının PIN kodunu, SMS-ə gələn təsdiq şifrəsini, CVV kodunu və digər məxfi məlumatları tanımadığınız şəxslərlə paylaşmamaq tövsiyə edilir: “Heç bir bank telefon zəngi və ya SMS vasitəsilə kart məlumatı tələb etmir, belə müraciətlərə inanmayın, onlar saxtadır. Şübhəli zəng və yazışmalara heç bir halda cavab verməyin, əlaqəni dərhal kəsin və nömrəni bloklayın. Əgər kart məlumatlarınızı bölüşmüsünüzsə və ya şübhəli əməliyyat aşkar etmisinizsə, dərhal bankınızla əlaqə saxlayın, kartı blokladın və əməliyyatlar üzrə məlumat verin. Zərərçəkmiş olmusunuzsa və ya saxta zəng barədə məlumatınız varsa, polis orqanlarına müraciət edin və şübhəli nömrə və mesaj barədə məlumat verin. Hər kəsə diqqətli olmağı, kiber təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edirik”, - deyə çağırışda bildirilir.