04 oktyabr 2025 22:00
99

Gürcüstanda yerli seçkilərdə seçici fəallığı 40,93 faiz olub

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, saat 20:00-a qədər 1 milyon 438 min 116 seçici məntəqələrə gəlib, bu da ümumi seçicilərin 40,93 faizini təşkil edir.

“İki sahil” xəbər verir ki, bu barədə MSK-nın sözçüsü Natia İoseliani bildirib.

"Bəzi hallarda insidentlər və texniki nasazlıqlar müşahidə olunub, lakin seçki administrasiyası buna qanunvericiliyə uyğun olaraq operativ reaksiya verib. İndiyədək dairə seçki komissiyasına əsasən, foto və videoçəkiliş qaydalarının pozulması, seçki məntəqəsinin təşkili, seçki məntəqəsinin hüdudlarından kənarda seçicilərin qeydiyyatı və s. ilə bağlı 24 şikayət daxil olub", – deyə N. İoseliani qeyd edib.

Qeyd edək ki, bu gün Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Səsvermə saat 08:00-da başlayıb və 20:00-da başa çatıb. Ölkə üzrə 3 061 seçki məntəqəsi fəaliyyət göstərib, 12 siyasi partiya seçkilərdə iştirak edib.