05 oktyabr 2025 18:45
95

III MDB Oyunları: Azərbaycan boksçuları turniri 24 medalla başa vurublar

Yevlax Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində oğlanlar arasında boks yarışlarının final görüşləri yekunlaşıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan millisinin boksçuları uğurlu çıxış edərək qızıl medallar qazanıblar. Qardaş Rəhimov (46 kiloqram), Əli Əliyev (48 kiloqram), Əli Abaslı (52 kiloqram), Şahin Aslanov (60 kiloqram) və Səfdər Məmmədzadə (+80 kiloqram) final görüşlərində rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Turnirin digər qızıl medallarını tacikistanlı Behruz Umarov (50 kiloqram), özbəkistanlı boksçular- Bekhruzjon Rakhataliyev (54 kiloqram), Bobomurod Boymirzayev (57 kiloqram), Dilşod Akmadjanov (63 kiloqram), Oybekjon Abdurahimov (70 kiloqram), Kurşidbek Jurayev (75 kiloqram) qazanıblar.

Rusiya təmsilçiləri Maksim Sobolev (66 kiloqram) və Astemir Karayev (80 kiloqram) də final görüşlərini qalib kimi başa vuraraq qızıl medala sahib olublar.

Bundan başqa, Azərbaycan boksçuları Əli Ruşanov (46 kiloqram), Ayxan Həsənov (50 kiloqram), Raul Heydərli (57 kiloqram), Əflatun İsmiyev (57 kiloqram), Toğrul Quliyev (60 kiloqram), Haxverdi Həsənov (63 kiloqram), Adil Zalov (70 kiloqram), Şükar Əliyev (75 kiloqram) və İsmayıl Vəliyev (80 kiloqram) bürünc medallara layiq görülüblər.

Xatırladaq ki, dünən qadın boksçularımız turniri 1 qızıl, 5 gümüş və 4 bürünc medalla başa vurublar.

Beləliklə, Azərbaycan boksçuları turnirdə 24 medal qazanıblar.