Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 1-dən 7-dək Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir. Sərgisi çərçivəsində Milli Məclisin deputatı İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” kitabının təqdimat mərasimi olub.
Tədbirdə çıxış edən akademik Nizami Cəfərov vurğulayıb ki, İmamverdi İsmayılov “Bayquş və qarovulçu” əsəri ilə cəmiyyətin mənəvi dəyərlərini, insan ruhunun sarsıntılarını və zamanın doğurduğu mənəvi boşluqları bədii şəkildə əks etdirə bilib. Onun sözlərinə görə, yazıçı bu əsərdə insanın daxili aləminə, vicdanla mübarizəsinə, doğru ilə yanlışın sərhədinə işıq salır. “İnsanlar dünyanın hər yerində daha yaxşı həyat şəraiti üçün mübarizə aparırlar, lakin əsas məsələ mənəviyyatın, mənəvi təmizlik və ədalət duyğusunun qorunmasıdır. Əsər bu baxımdan çox dəyərlidir, çünki hər bir oxucu oradan öz həyat təcrübəsinə, düşüncə tərzinə uyğun nəticə çıxara bilir. Bu, yazıçının mövzunu müxtəlif baxış bucaqlarından təqdim etmək bacarığından irəli gəlir”, - deyə akademik qeyd edib.
İmamverdi İsmayılov yazıçı kimi həyat hadisələrinin zahirini deyil, onların dərin mahiyyətini görməyi və onu bədii dillə açmağı bacarır. Onun hekayələrində hadisələr sadəcə təsvir olunmur, onlar düşünülür, duyulur, yaşanır. Yazıçı hadisələri geniş bir mənzərə içində təqdim edir, sanki oxucuya bütöv bir cəmiyyətin mənzərəsini göstərir. O, insan xarakterlərini və zamanın ruhunu elə ustalıqla birləşdirir ki, bircə səhnə, bircə cümlə bütöv bir dövrün portretinə çevrilir.
Nizami Cəfərov əlavə edib ki, İmamverdi İsmayılov təkcə yazıçı kimi deyil, eyni zamanda sosioloq kimi cəmiyyətin nəbzini tuta bilir. “O, insan davranışlarını, sosial prosesləri və mənəvi dəyişiklikləri dərindən müşahidə edir, onları bədii düşüncə ilə birləşdirərək oxucunu düşündürən, təsirləndirən bir mətn yaradır. “Bayquş və qarovulçu” əsəri həm bədii gücü, həm də fəlsəfi dərinliyi ilə çağdaş ədəbiyyatımızda özünəməxsus yer tutur”, - deyə akademik fikrini tamamlayıb.
Milli Məclisin sədrinin müavini Ziyafət Əsgərov “Bayquş və qarovulçu” əsəri barədə təəssüratlarını bölüşərək qeyd edib ki, kitab dərin mənəvi qatlara malikdir və oxucunu həm düşünməyə, həm də duymağa vadar edir. Onun sözlərinə görə, əsər təkcə bir hekayə deyil, insanlığın üzləşdiyi haqsızlıqların, müharibələrin və mənəvi sarsıntıların bədii təcəssümüdür: “Mifologiyada biz çox vaxt mənfi məqamları bayquşla bağlayırıq, halbuki müəllif incə bir bədii yanaşma ilə göstərir ki, əslində dünyadakı pisliklərin səbəbkarı elə insanların özüdür. Əsərdə həm dərin fəlsəfi məna, həm də oxucunu öz içinə çəkən emosional güc var. İmamverdi İsmayılov süjet xəttini ustalıqla quraraq, oxucunu hadisələrin axarında düşünməyə, mənəvi nəticə çıxarmağa sövq edir”, O əlavə edib ki, “Bayquş və qarovulçu” insan ruhunun ziddiyyətlərini, vicdanın səsini və bəşəri ədalət axtarışını bədii dillə ifadə edən, dərin məna daşıyan bir əsərdir.
Professor Cahangir Məmmədli çıxışında qeyd edib ki, İmamverdi İsmayılovun ədəbiyyata bağlılığı onun gənclik illərindən, tələbəlik dövründən formalaşıb. O, yazıçının yaradıcılıq yolunun ilk addımlarını məhz universitet illərində atdığını xatırladaraq bildirib: “İmamverdi İsmayılov ədəbiyyata təsadüfi gəlməyib. Onun sözə, bədii düşüncəyə marağı hələ tələbəlik illərindən hiss olunurdu. O, insanın daxili aləmini, mənəvi dünyasını dərin müşahidə və incə psixoloji təhlillə ifadə etməyi bacarırdı. Tələbə olduğu ikinci kursda onun ilk hekayəsi ‘Ulduz’ jurnalında dərc olunmuşdu və bu, gənc müəllifin ədəbi istedadının, düşüncə mədəniyyətinin və müşahidə qabiliyyətinin bariz göstəricisi idi.” Professor əlavə edib ki, İmamverdi İsmayılovun yaradıcılığı illər keçdikcə daha da püxtələşib, onun əsərlərində həm həyat təcrübəsi, həm də insana dərin sevgi və humanist baxış aydın şəkildə hiss olunur. O, ədəbiyyata həmişə məsuliyyətlə yanaşıb, hər bir əsərində insan ruhunun səsini duymağa, cəmiyyətin mənəvi problemlərinə toxunmağa çalışıb. Beləcə, İmamverdi İsmayılovun yaradıcılığı həm realizmin gücünü, həm də insan təbiətinin dərinliklərini özündə birləşdirən nadir bir bədii məktəb kimi dəyərləndirilə bilər. Sözün, obrazın və reallığın vəhdəti kimi...
Akademik İsa Həbibbəyli vurğulayıb ki, İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” əsəri müasir Azərbaycan ədəbiyyatında öz orijinallığı, ideya dərinliyi və bədii üslubu ilə seçilən fərqli bir hadisədir. O qeyd edib ki, müəllif həm publisistik, həm də bədii yaradıcılıq sahəsində özünəməxsus yazı tərzi formalaşdırıb və bu əsər onun yaradıcılığında yeni bir mərhələni təmsil edir. “Bu əsərdə ilk dəfə bayquş obrazı müsbət simvol kimi təqdim olunur. Əgər klassik mifologiyada bayquş çox zaman qaranlıq, sirr və bədbəxtliklə assosiasiya olunurdusa, İmamverdi İsmayılov bu obrazı müdrikliyin, ayıqlığın və mənəvi oyanışın rəmzinə çevirib”, - deyə akademik qeyd edib. İsa Həbibbəyli bildirib ki, əsərdə obrazların adının olmaması da müəllifin bədii məqsədindən irəli gəlir. Bu, hekayədə qaldırılan mənəvi və sosial problemlərin təkcə bir xalqa deyil, bütün bəşəriyyətə aid olduğunu göstərir. Əsərdə insanlığın mənəvi sarsıntıları, vicdanın sükutu və ədalət axtarışları ümumbəşəri kontekstdə təqdim olunur. Bu, əsəri həm fəlsəfi, həm də simvolik baxımdan dərinləşdirir. O, həmçinin qeyd edib ki, “Bayquş və qarovulçu” bədii baxımdan mükəmməl quruluşu, dilin poetik ifadə imkanlarından ustalıqla istifadə olunması və aforizmlərlə zəngin üslubu ilə seçilir. Müəllifin fikirləri sadə dillə, lakin dərin mənalarla təqdim olunur. Bu əsər İmamverdi İsmayılovun bədii təfəkkür gücünü, dil ustalığını və düşüncə dərinliyini bir daha nümayiş etdirir.
Tədbirdə Qubadlı rayonunundan Əməkdar müəllim Ədalət Əsədov və Zəngilan Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov çıxış edərək bildiriblər ki, İmamverdi müəllim çox xeyirxah, səmimi və təmiz qəlbli insandır. Hər kəsin dərdinə şərik olur, yaxşı günündə də, pis günündə də onun yanında dayanır. İmamverdi müəllim təkcə yaxşı yazıçı deyil, həm də el-obanın dayağı, ağsaqqalı kimi hörmət qazanıb. Bu gün İmamverdi müəllim haqqında deyilən hər xoş söz onun ömür boyu formalaşdırdığı dürüst, təmkinli və nurlu həyat yolunun nəticəsidir. O, həm yazıçı kimi ədəbiyyatımıza, həm də insan kimi cəmiyyətimizə dəyər qatır.
Milli Məclisin İnsah hüquqları komitəsinin sədri Zahid Oruc tədbirdə çıxış edərək bildirib ki, bu gün Azərbaycan ədəbiyyatının cəmiyyətin mənəvi həyatına təsir edən, insanları düşündürən və tərbiyə edən yazıçılara ehtiyacı var.
İmamverdi İsmayılovun yaradıcılığı həmin boşluğu doldurur. O, sözlə insanın iç dünyasına, ruhuna toxunur, cəmiyyətin dəyərlərini qoruyur. Yazıçının hər əsərində dərin bir vətəndaş mövqeyi, cəmiyyətin ağrı və ziddiyyətlərinə qarşı həssas münasibət hiss olunur.
Tədbirdə çıxış edən tanınmış yazıçısı Seyran Səxavət də İmamverdi İsmayılovun yaradıcılığını yüksək qiymətləndirib. O bildirib ki, İmamverdi İsmayılovun qələmi həm sadə, həm də dərin mənalıdır. Onun yazdıqları həyatın içindən gəlir, oxucunun qəlbinə toxunur.
O, hadisələri bəzəmir, olduğu kimi göstərir. Elə buna görə də oxucunun inamını qazanır. “Bayquş və qarovulçu” təkcə bir hekayə deyil, həm də bir həyat dərsidir. Bu əsərdə biz cəmiyyətin aynasını görürük.
Yazıçı Elçin Hüseynbəyli çıxışında qeyd edib ki, İmamverdi İsmayılov mütəfəkkir bir qələm sahibi kimi, hansı janrda yazırsa-yazsın, bütün əsərlərində özünəməxsus bədii düşüncə tərzi, realist baxış bucağı və dərin publisistik üslubu ilə fərqlənir. Onun yaradıcılığında həyatın canlı mənzərəsi, insanın daxili aləmi və cəmiyyətin reallıqları bir-birini tamamlayır. İmamverdi İsmayılovun elə bir əsəri yoxdur ki, orada həm müşahidə dəqiqliyi, həm də səmimi duyğuların təsir gücü hiss olunmasın. İmamverdi İsmayılovun analitik təfəkkürü cəmiyyətdə zaman-zaman ortaya çıxan sosial və mənəvi tendensiyaları son dərəcə aydın şəkildə müəyyənləşdirir, ardınca gələn səmimi duyğular isə oxucunu bu tendensiyalardan ən doğru, ən dürüst, ən humanist olana yönəldir. Onun yazılarında insanı düşünməyə, dəyişməyə və daha ədalətli olmağa çağıran bir ruh var. Elçin Hüseynbəyli əlavə edib ki, İmamverdi İsmayılovun yazıçı istedadının, bədii məharətinin və dərin müşahidə qabiliyyətinin mənbəyi də məhz bu peşəkar və səmimi yazı tərzidir. O, sözün dəyərini və məsuliyyətini dərk edən yazıçıdır. İstər publisistik yazılarında, istərsə də bədii əsərlərində həyatın həqiqətlərini qələmin gücü ilə ifadə edir, oxucuda düşüncə ilə duyğu arasında incə bir körpü yaradır. Onun yaradıcılığı həm düşüncəyə, həm də qəlbə təsir edən ədəbiyyat nümunəsidir”, - deyə Elçin Hüseynbəyli qeyd edib.
Sonda çıxış edən müəllif İmamverdi İsmayılov tədbir iştirakçılarına dərin minnətdarlığını bildirib. Qeyd edib ki, ədəbiyyat insanı insan edən, cəmiyyətin ruhunu yaşadan ən ali dəyərlərdən biridir. “Əgər bir yazı oxucunun qəlbində iz buraxırsa, deməli, o söz mənzil başına çatıb”,-deyə İmamverdi İsmayılov vurğulayıb. Yazıçı tədbirə qatılan həmkarlarına, dostlarına və oxucularına təşəkkürünü ifadə edərək deyib: “Bu gün burada mənimlə olan hər kəsə minnətdaram. Yazı insanın təkbaşına gördüyü iş kimi görünür, amma onun gücü oxucu ilə qovuşanda yaranır. Əgər mənim yazdıqlarım sizdə bir duyğu, bir düşüncə oyada bilibsə, deməli, əziyyətim hədər getməyib. Mənim üçün ən böyük mükafat elə bu mənəvi bağdır.” Müəllif çıxışını səmimiyyətlə tamamlayıb: “İllər ötəcək, kitablar köhnələcək, amma söz -həqiqi, ürəkdən gələn söz -yaşamağa davam edəcək. Mən inanıram ki, ədəbiyyat bizi həm birləşdirir, həm də qoruyur. Hər birinizə bu inamı paylaşdığınız üçün təşəkkür edirəm.”
Sonda müəllif İmamverdi İsmayılov “Bayquş və qarovulçu” kitabını oxucular üçün imzalayıb.
Şəmsiyyə Əliqızı, “İki sahil”