01 dekabr 2025 12:15
148

“SOCAR Türkiyə”nin “Project Finance” kitabı təqdim olunub

Bakı Ali Neft Məktəbində “SOCAR Türkiyə”nin “Project Finance (Layihə maliyyələşdirilməsinə praktiki bələdçi)” kitabının təqdimat mərasimi keçirilib

“SOCAR Türkiyə”nin rəhbərliyinin təşəbbüsü ilə hazırlanmış “A Practical Guide to Project Finance – Principles, Practices and Case Studies” (“Layihə maliyyələşdirilməsinə praktiki bələdçi – Prinsiplər, təcrübələr və nümunə işlər”) adlı kitabın təqdimat mərasimi SOCAR-ın Bakı Ali Neft Məktəbində keçirilib.

Beynəlxalq hüquq və maliyyə ekspertləri, “SOCAR Türkiyə”nin təcrübəli əməkdaşları və Koç Universitetinin akademik dəstəyi ilə ərsəyə gətirilən kitabın Türkiyədə təqdimatı bir müddət əvvəl İstanbulda reallaşdırılmışdı. “SOCAR Türkiyə”nin layihə maliyyələşdirilməsi sahəsində topladığı təcrübəni beynəlxalq standartlara uyğun nüfuzlu bir istinad mənbəyinə çevirməsi və region üçün əhəmiyyətli bir təcrübə formalaşdırması məqsədilə Bakıda təşkil edilən təqdimat tədbiri, həmçinin Bakı Ali Neft Məktəbinin tələbələrinin real layihələr əsasında biliklərini artırmasına və peşəkar baxış bucaqlarını inkişaf etdirməsinə töhfə verməyi hədəfləyir.

Kitabda layihə maliyyələşdirilməsi nəzəriyyəsi “SOCAR Türkiyə”nin strateji investisiyalarından biri olan “Star” Neft Emalı Zavodu nümunəsi üzərindən praktiki şəkildə izah olunur. Bu genişhəcmli tədqiqat “Star” Neft Emalı Zavodunun real sahə təcrübələri əsasında hazırlanıb. Nəşr layihə maliyyələşdirilməsi, mühəndislik, hüquq, enerji keçidi və infrastruktur yatırımları sahələrində çalışan mütəxəssislər üçün olduğu kimi, akademik çevrələr üçün də qiymətli bir mənbə kimi diqqət çəkir.

Tədbirdə bildirilib ki, kitab yalnız maliyyə yönümlü texniki vəsait olmaqla kifayətlənmir, həm də böyükmiqyaslı layihələrin konsepsiyalaşdırılmasından icrasınadək uzanan çoxşaxəli bilik və təcrübəni özündə əks etdirir. Qeyd olunub ki, layihə maliyyələşdirilməsi regionda strateji bir ixtisas sahəsinə çevrilib və kitab bu istiqamətdə zəruri olan bilik bazasını sistemli şəkildə təqdim edir. Bununla yanaşı, nəşrin komanda işi mədəniyyətinin inkişafına, mürəkkəb layihələr zamanı üzə çıxan problemlərin həllinə və böyük ideyaların reallaşdırılmasına verdiyi töhfələr də vurğulanıb.

Regionda strateji əhəmiyyətə malik layihə maliyyələşdirilməsi sahəsində ehtiyac duyulan bilik bazasını sistemli şəkildə təqdim edən kitab, eyni zamanda komanda işi mədəniyyətinin inkişafına, mürəkkəb layihələrdə qarşıya çıxan problemlərin həllinə və genişmiqyaslı ideyaların reallaşdırılmasına dəstək verir.

Akademik çevrələrdən magistr tələbələrə, gənc mütəxəssislərdən bu sahədə ixtisaslaşmaq istəyənlərə qədər geniş auditoriyaya xitab edən nəşr, həmçinin SOCAR əməkdaşlarının peşəkarlığını, yüksək səriştəsini və korporativ biliklərin paylaşılmasına göstərilən böyük önəmi nümayiş etdirir. Sahəsində ixtisaslaşmış bir komanda tərəfindən hazırlanan nəşr şirkətin bilik bazasını beynəlxalq standartlara uyğun etibarlı istinad mənbəyinə çevirərək region üçün mühüm bir model yaradır. Bu xüsusiyyəti ilə kitab SOCAR-ın Bakı Ali Neft Məktəbi tələbələri üçün də ilham mənbəyinə çevrilir, onların real layihələrdən öyrənməsinə, peşəkar baxış formalaşdırmasına və karyera inkişafını gücləndirməsinə imkan yaradır.

Orxan Vahidoğlu, “İki sahil”