Son zamanlar baş verən pilotsuz uçuş aparatları ilə bağlı insidentlər və hava məkanının digər pozuntuları göstərir ki, Avropa hibrid müharibə ilə üzləşib və buna yalnız ənənəvi müdafiə tədbirləri ilə deyil, daha genişmiqyaslı addımlarla cavab verilməlidir.
“İki sahil” “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə çərşənbə günü Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Avropa Parlamentində (Strasburqda) çıxışı zamanı bildirib. “Bu, təsadüfi təqiblər deyil”, – deyə fon der Lyayen çıxışında qeyd edib.
O əlavə edib: “Bu, bizim vətəndaşlarımızı qorxutmaq, iradəmizi sınağa çəkmək, İttifaqımızı parçalamaq və Ukraynaya dəstəyimizi zəiflətmək məqsədi daşıyan ardıcıl və getdikcə güclənən kampaniyadır. Artıq vaxtıdır ki, buna öz adı ilə müraciət edək – bu, hibrid müharibədir”.
Fon der Lyayen bütün insidentlərə görə Rusiyanın məsuliyyət daşıdığını deməsə də, onun sözlərinə görə, Moskvanın məqsədi “Avropada ixtilaf toxumu səpməkdir”.
Avropa rəsmiləri artıq son vaxtlar baş vermiş bəzi insidentlərə görə məsuliyyəti Rusiyanın üzərinə qoyublar.
“Rusiyanın hibrid müharibəsinə qarşı mübarizə yalnız ənənəvi müdafiə tədbirlərindən ibarət deyil”, – deyə Fon der Lyayen vurğulayıb. “Bu, hamımızdan yeni düşüncə tərzi tələb edir. Biz ya kənardan müşahidə edərək Rusiyanın təhdidlərinin artmasına seyrçi qalacağıq, ya da bu təhdidlərə birgə, qətiyyətli və təmkinli şəkildə cavab verəcəyik”.