10 oktyabr 2025 13:34
194

Dialektlərin tədrisinə yeni yanaşma

Azərbaycan dialektologiyasında öz xidmətləri ilə diqqəti cəlb edən görkəmli dilçi alim, filologiya elmləri doktoru, professor Həcər Hüseynovanın dialektologiyanın ali məktəblərin filologiya fakültələrində tədrisi üçün  hazırladığı “Dialektologiya”adlı dərs vəsait öz aktuallığı baxımdan qiymətlidir. Prof.Həcər Hüseynova vəsaitdə Azərbaycan dili şivələrinin tədqiqi tarixindən, təsnifi prinsiplərindən, fonetika, leksika, morfologiya və sintaksisindən geniş şəkildə bəhs edərkən,  tamamilə fərqli konsepsiyalar ortaya qoyub.

İlk dəfə olaraq Zəngəzur şivələrindən ayrıca bəhs olunan əsərdə Dərbənd, Təbriz şivələri, Qərbi Azərbaycanın və Gürcüstanın Azərbaycan dili şivələri haqqında müfəssəl məlumat və nümunələr kitabda geniş yer alıb. Dərslikdə həmçinin Azərbaycanın etnocoğrafiyasındakı dialektlərin xüsusiyyətləri ümumiləşdirilmiş, müasir ədəbi dillə, digər türk dilləri və dialektlərinin, eləcə də yazılı abidələrin materialları ilə müqayisələr aparılmışdır.

Professor Həcər Hüseynova vəsaitin “Giriş” hissəsində dialektologiyanın nəzəri məsələlərindən geniş şəkildə bəhs edir, Azərbaycan dili şivələrinin tarixi aspektdə öyrənilməsində qədim abidələrin əhəmiyyətini xüsusi vurğulayır.

Dərsliyin “Azərbaycan dilinin kökləri” bölməsində məhəlli və sosial dialektlərin, yəni qəbilə dialekti, etnik dialekt, ədəbi dialekt, peşə dialekti, sinfi dialekt və s. mahiyyəti konkret nümunələr əsasında izah edilir. Ləhcə, şivə, keçid şivəsi kimi terminlərin aydınlaşdırılması məqsədilə yığcam izahlar verilir. Bu hissədə həmçinin dialektologiyanın növləri - təsviri dialektologiya, tarixi dialektologiya və müqayisəli dialektologiyanın da qısa və yığcam izahı diqqəti cəlb edir.

Dərslikdəki “Azərbaycan dilinin dialektlərə bölünməsi və keçid şivələr” başlıqlı hissədə indiyədək aparılan tədqiqatlara ümumi baxış ifadə olunur. Aydın olur ki, Azərbaycan dili şivələrinin öyrənilməsi dörd yolla aparılır: Azərbaycan dili şivələrinin ekspedisiya yolu ilə öyrənilməsi; Azərbaycan dili şivələrinin monoqrafik yolla öyrənilməsi; Tədris ədəbiyyatı vasitəsi ilə öyrənilməsi; Leksikoqrafik yolla öyrənilməsi.

Dərsliyin günümüz üçün də aktuallıq kəsb edən bölmələrindən biri də “Qərbi Azərbaycan şivələrinin tədqiqi tarixi” məsələsidir. Məlumdur ki, Qərbi Azərbaycan şivələrinin tədqiqinə XX əsrin ikinci yarısından başlanıb. Bu tədqiqatlar üç istiqamətdə aparılıb: Qərbi Azərbaycan şivələrinin ümumi şəkildə tədqiqi; Qərbi Azərbaycanın ayrı-ayrı bölgələrinin şivələrinin tədqiqi; konkret bir kəndin şivəsinin tədqiqi.

Azərbaycan dili şivələrinin təsnifi - bölünməsi Azərbaycan dialektologiyasında həmişə aktual və mübahisə doğuran problemlərdən olub. “Azərbaycan dilinin şivələrinin təsnifi prinsipləri” başlıqlı bölmə bu baxımdan daha maraqlıdır. Müəllif burada təsnifat apararkən Azərbaycan dili şivələrinin  özünəməxsus fonetik, morfoloji, sintaktik və leksik xüsusiyyətlərinə görə biri-birindən oxşar və fərqli xüsusiyyətlərini göstərir, müşahidə olunan dil faktlarını nümunə gətirir.

Professor dərsliyin “Dialektoloji tədqiqatların üsul və metodları” bölməsində dialektologiyanın tədqiqat metodlarından biri kimi dilçilik coğrafiyası metodunun mahiyyəti diqqətə çatdırılır. Şivələrdə rast gəlinən dil materiallarının toplanması, onların xəritə üçün işlənib hazırlanması, dil hadisələrinin xəritələrə köçürülməsi, bu sahədə görülən işlərdən geniş bəhs edilir. Qeyd olunduğu kimi, Azərbaycan dilinin dialektoloji atlası eyni zamanda türk dillərinin müqayisəli tədqiqi, eləcə də tarixçilər, etnoqraflar, arxeoloqlar üçün də qiymətli material verir.

Dərsliyin növbəti bölməsi Azərbaycan dialektologiyasının fonetik sisteminə həsr olunub. Məlumdur ki, fonetika həm ədəbi dilin, həm də dialekt və şivələrin xüsusi bir bölməsini təşkil edir. Müəllif bu bölmədə ədəbi dilin fonetikası ilə Azərbaycan dili şivələrinin fonetikasının bir-birindən fərqli xüsusiyyətlərini izaha cəlb edib. Bu fərq danışıq səslərində, diftonqlarda, ahəng qanununda, hecada, fonetik hadisə və qanunlarda özünü göstərir. Azərbaycan dili şivələrinin fonetikası dilimizin tarixini mühafizə etməklə yanaşı, ədəbi dildən fərqlənən xüsusiyyətlərə malikdir. Bu, özünü həm sait, həm də samit səslərdə göstərir. Professor şivələrdə danışıq səslərinin ədəbi dildən çox olmasını qeyd edir və ədəbi dildə 34 danışıq səsinin olmasına baxmayaraq, şivələrimizdə 72 danışıq səsi olduğunu nümunələrlə göstərir.

Dərsliyin “Morfologiya” hissəsində də Azərbaycan dili dialekt və şivələrinin əsas və köməkçi nitq hissələrinə məxsus dialekt səciyyəviliyi sistemli şəkildə təqdim edilir. H.Hüseynova göstərir ki, Azərbaycan dili şivələrinin morfologiyası zəngin olmaqla ədəbi dilimizin morfologiyasından bir çox xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, şivələrimizin ədəbi dillə üst-üstə düşən morfoloji xüsusiyyətləri ilə yanaşı, müasir Azərbaycan ədəbi dilində rast gəlinməyən kifayət qədər morfoloji əlamətlər özünü göstərir. Şivələrimizin morfoloji əlamətləri dilimizin tarixi ilə səsləşir və eyni zamanda digər türk dillərində də rast gəlinir. Müasir Azərbaycan ədəbi dilinin morfoloji quruluşunun formalaşması və inkişaf tarixini izləmək üçün şivələrimizin morfoloji xüsusiyyətləri tam təsəvvür yaradır, baş verən morfoloji dəyişikliyi üzə çıxarmağa imkan verir. Bu, şivələrimizdə dilimizin qədim dövrünə xas hal şəkilçilərinin, eləcə də leksik və qrammatik şəkilçilərin mühafizə olunması ilə bağlıdır. Dərs vəsaitinin müəllifi bu kimi morfoloji xüsusiyyətləri bölgələrin dialektal  faktları əsasında təqdim edir.

H.Hüseynova vəsaitin “Sintaksis” bölməsində Azərbaycan dili şivələrinin sintaktik xüsusiyyətlərini araşdırıb, ədəbi dillə oxşar və fərqli xüsusiyyətlərə malik olduğunu ən mühüm cəhətləri ilə konkret şəkildə izah edib.

Dərslikdə “Leksikologiya” bölməsinin yeni formatda təhlilə cəlb edilməsi, dialekt frazeologiyası və Azərbaycan dilinin dialektoloji lüğətləri, yəni leksikoqrafiya məsələlərinə yer verilməsi yenilik kimi təqdirəlayiqdir.

Bu səpkidə əvvəllər ortaya qoyulan əsərlərdən fərqli olaraq burada “Söz yaradıcılığı” bölməsi də öz əksini tapıb. Ədəbi dildə olduğu kimi, Azərbaycan dilinin dialekt və şivələrində də derivatoloji proses üç yolla - leksik, morfoloji və sintaktik üsulla baş verir. Vəsaitdə söz yaradıcılığı məsələsinə xüsusi bölmə ayrılması da yeni bir yanaşmadır.

Azərbaycan Respublikasının müxtəlif yaşayış məntəqələrindən toplanmış və informatorların dilindən olduğu kimi verilən “Dialektoloji mətnlər” və test tapşırıqları əsərin inandırıcılıq gücünü və praktiki əhəmiyyətini artırır.

Son olaraq qeyd edək ki, yeni dövrün yeni elmi dünyagörüşünün formalaşması və elmi tərəqqi ilə bağlı olaraq Azərbaycan ədəbi dili də misilsiz dərəcədə inkişaf edib və zənginləşib. Dilin ictimai determinasiyası, quruluşu ilə yanaşı, hər bir dilin mövcudluğu və inkişafı bilavasitə dilin təzahür formaları ilə (ədəbi dil, dialekt, xalq danışıq dili) bağlıdır. Ümumxalq dili məhz dilin bu təzahür formalarının qarşılıqlı təsiri əsasında inkişaf edir. Məhz buna görə də dilin hərtərəfli öyrənilməsi üçün ədəbi dil, dialektlər və xalq danışıq dili ayrı-ayrılıqda və eləcə də qarşılıqlı-müqayisəli şəkildə tədqiq edilməlidir.

Bu baxımdan da, professor Həcər Hüseynovanın müasir tələblər əsasında ərsəyə gətirdiyi “Dialektologiya” dərsliyi dilçilik elmi üçün əvəzsiz bir töhfədir. Bu dərslikdən filologiya, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan bakalavrlar, eyni zamanda Azərbaycan dili ixtisası üzrə təhsil alan magistrantlar, dialektologiya ilə bağlı tədqiqat aparan doktorant, dissertant və gənc tədqiqatçılar istifadə edə bilərlər. Həmçinin dərslikdəki təhlil istiqamətləri, nəzəri yanaşma və araşdırma formaları da sonrakı dövrün tədqiqatları üçün əhəmiyyətli elmi-nəzəri mənbə rolunu oynaya bilər.

Sərdar Zeynalov,
ADPU, Filologiya  fakültəsi, “Müasir Azərbaycan dili” kafedrasının professoru,
filologiya elmləri doktoru